Xəzər Xəbər

Dövriyyəyə 3 manatlıq əskinazlar buraxılır? - Marketlərdə xırda pul qıtlığı yaşanır

İqtisadiyyat | 12:58 • 20 Oktyabr 2021
Dövriyyəyə 3 manatlıq əskinazlar buraxılır? - Marketlərdə xırda pul qıtlığı yaşanır

Ölkədə xırda pul problemi yaşanır. Bir manatlıq əskinazların çatışmazlığı market və bazarlarda əlavə çətinliklər yaradır.

Bəziləri isə çıxış yolu kimi dövriyyəyə 3 manatlıq əskinazların buraxılmasını təklif edir. Hesab edilir ki, məhz bu yenilik alış-verişdəki xırda pul və qalıq problemini kökündən həll edə bilər.

Mövzu ilə bağlı danışan iqtisadçı ekspert Eldəniz Əmirov onlayn ödənişlərin artdığı bir dönəmdə dövriyyəyə yeni əskinasların buraxılmasına ehtiyac duymur:
 
"Dövriyyəyə 3 manatlıq əskinasların buraxılması yaxşı olardı. Amma unutmaq olmaz ki, yeni əskinasların hazırlanması və dövriyyəyə buraxılması kifayət qədər böyük maliyyə tələb edir. Məlum olduğu kimi, yeni əskinaslar xaricdə çap edilirək ölkəmizə gətirilir. Düşünürəm ki, buna əlavə vəsait xərcləməyə ehtiyac yoxdur”.
 
Ekspert düşünür ki, hazırda pul kütləsinin dövriyyəsində və alış-verişdə əskinaslarla bağlı kiçik çətinliklər xaricində ciddi problemlər yaşanmır:

"Ötən illə müqayisədə bu il nağdsız ödənişlərin həcmi 54 faiz artıb. Nəzərə alsaq ki, onlayn ödənişlər artır, bu tendensiyanın fonunda dövriyyəyə yeni kağız pulların buraxılmasına ehtiyac olduğunu düşünmürəm”.
 
İqtisadçı ekspert Natiq Cəfərli isə dövriyyəyə 3 manatlıq əskinasların buraxılmasının iqtisadiyyata səmərəli olacağını deyib. Ekspert nağdsız ödənişlərlə bağlı məsələyə də toxunub:

"Xırda pullarla bağlı özüm də problemlərlə üzləşməli oluram. Bəzən marketlərdə pulun qalığını qaytarmaq üçün zaman itiririk, hətta pulu xırdalamaq üçün başqa marketə müraciət edənlər də olur. Bu halların aradan qaldırılması üçün bir manatlıq və beş manatlıq əksinasların dövriyyəsi artırılmalıdır. Uzun müddətdir ki, dövriyyəyə 3 manatlıq əskinasların buraxılması ilə bağlı təkliflər səsləndirilir. Əslində belə bir qərarın verilməsinin iqtisadiyyata səmərəsi toxunar və pul dövriyyəsi artar”.
 
N.Cəfərli də hesab edir ki, hökumət nağdsız ödənişlərin artırılması ilə bağlı addımlar atmalıdır: "Elə ölkələr var ki, ticarət dövriyyəsinin 90-92 faizi nağdsız ödənişlərlə həyata keçirilir. Bu istiqamətdə də daha geniş işlər görülməlidir ki, qalıq pul problemi yaşanmasın. Beləliklə də, iqtisadiyyatın şəffaşlaması mümkün olar. Rəsmi rəqəmlərdə görülür ki, bölgəmizdə ən az nağdsız ödənişlər məhz Azərbaycandadır. Bu, hökümət qarşısında gələcəklə bağlı çağırışlar yaradır. Lakin bütün bunların fonunda dövriyyəyə 3 manatlıq əskinasların buraxılması iqtisadiyyat üçün heç də pis olmazdı”.

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov isə pul nişanlarında dizayn dəyişikliyi əvəzinə digər tədbirlərin görülməsini vacib sayır:

"Hesab edirəm ki, dövriyyəyə yeni xırda əksinasların buraxılmasına iqtisadi səmərəlilik baxımından ehtiyac yoxdur. Sadəcə olaraq 1, 5, 10 manatlıq əskinasların sayını artırmaq lazımdır. Bəzi sahələr, xüsusilə taksilər nağdsız ödənişləri qəbul etmir. Hətta marketlər belə pul xırdalamaqdan imtina edir. Bu da deməyə rəvac verir ki, dövriyyədə 1 və 5 manatlıqların sayını artırmaq lazımdır. Dövriyyəyə yeni əskinasın buraxılması xeyli xərc tələb edir. Yeni əskinasın dizaynı və s. dövlətə elə də ucuz başa gəlmir. Əgər Mərkəzi Bank desə ki, yeni 3 manatlıq əskinasların buraxılması bizə sərf edir, o zaman bunu etmək olar. 200 manatlıq yeni əskinası dövriyyəyə buraxamaqdansa, 5 manatlıq əskinasda dizayn dəyişikliyi etməkdənsə, dövriyyəyə yeni 3 manatlıq əskinaslar buraxmaq olardı”.Sfera.az

Xəbər lenti