Xəzər Xəbər

Türkiyədə faizlər endirildi, lirə yenə ucuzlaşdı

İqtisadiyyat | 16:25 • 23 Sentyabr 2021
Türkiyədə faizlər endirildi, lirə yenə ucuzlaşdı

Türkiyə Mərkəzi Bankı uçot dərəcəsinin 19 faizdən 18 faizə endirilməsi haqqında qərar qəbul edib.

Mərkəzi Bankın bu qərarı gözlənilməz olub və bunun nəticəsində dollar lirəyə nisbətən bir qədər də güclənərək 8,8 səviyyəsinə yüksəlib. Günün birinci yarısında dollar lirə məzənnəsi 8,6 səviyyəsində idi. 

Qeyd edək ki, Türkiyədə yüksək inflyasiya müşahidə edildiyindən Mərkəzi Bank faiz dərəcəsini qaldırmışdı. Faiz dərəcəsinin artırılmasına baxmayaraq Türkiyədə bahalaşma 20 faizi ötdü. Bir qayda olaraq ölkədə yüksək inflyasiya müşahidə edildikdə faizlər də qaldırılır. Amma Türkiyə Mərkəzi Bankı bu prinsipin əksinə gedərək faizləri sabit tutmaq əvəzinə bir qədər endirib. 

Türkiyəli iqtisadçıların fikrincə, Mərkəzi Bankın yeni qərarı qiymət sabitliyini təmin etməyi çətinləşdirəcək. Belə ki, bu qərardan sonra lirə ucuzlaşacaq və inflyasiya səviyyəsi aşağı düşməyəcək.  


Ekspertlər yüksək inflyasiya şəraitində investisiya qoyuluşunda artımın çətinləşəcəyini də bildirirlər. /Sfera.az

Xəbər lenti