ABŞ-dakı neft quyularının sayı 860-a çatır.
AZƏRTAC "Baker Hughes” şirkətinə istinadla xəbər verir ki, ötən hesabat həftəsində ABŞ-dakı aktiv neft-qaz quyularının sayı 13 ədəd artaraq 1059 ədəd olub. Keçən ilin eyni dövrü ilə müqayisədə ölkədəki aktiv neft-qaz quyularının sayı 151 ədəd çoxalıb.
Ötən həftə ABŞ-dakı aktiv neft quyularının sayı 15 ədəd çoxalaraq 859 ədəd olub. Bu, ölkədəki neft quyularının sayının 2015-ci ilin aprelindən indiyədək maksimum səviyyəyə çatması deməkdir. Neft quyularının sayı son 18 həftənin 15-də artım göstərib. Ötən ilin eyni dövrü ilə müqayisədə neft quyularının sayı 137 ədəd artıb.
Keçən həftə ölkədəki aktiv qaz quyularının sayı isə 2 ədəd azalaraq 198 ədəd olub. 2017-ci ilin müvafiq dövrünə nisbətən ölkədəki qaz quyularının sayı 13 ədəd artım göstərib.
Qeyd edək ki, ABŞ-da aktiv neft quyularının sayı 1981-ci ildə ölkə tarixində maksimuma, yəni 4 min 530-a çatmışdı. Neftin qiymətinin ucuzlaşması fonunda ölkədəki aktiv neft quyularının sayı 2016-cı ilin may ayında isə minimuma – 316-ya geriləmişdi.