İyulun 1-dən başlayaraq sahibkarlar qeydiyyatdan qida təhlükəsizliyi kartı ilə keçəcəklər.
XəzərXəbər xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Qida
Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib. Onun sözlərinə
görə, sahibkarlıq subyektləri istehsal etdikləri məhsullar üçün
sertifikatlaşdırmaya cəlb olunmayacaq:
"Qanuna əsasən, ölkədə
qida zəncirinin bütün mərhələlərində iştirak edən sahibkarlıq
subyektləri sadəcə qida təhlükəsizliyi qeydiyyatından keçəcəklər və
məhsullarını reyestrə salacaqlar. Qida təhlükəsizliyi qeydiyyatına düşən
müəssisələr isə ixrac etdikləri məhsullara qida təhlükəsizliyi
sertifikatı alacaqlar".
Agentliyin sədri bildirib ki, idxalçı
dövlətin tələbinə uyğun olaraq əgər dövlət fitosanitar və baytarlıq
nəzarətindən keçmək tələb olunarsa, agentlik bu sertifikatı verəcək:
"Qida təhlükəsizliyinin qeydiyyatı "ASAN xidmət"in bir pəncərə prinsipi
ilə həyata keçiriləcək. Sertifikat üçün tələb olunan rüsumlar Tarif
Şurasına təqdim olunub. Rüsumlar təsdiq olunandan sonra rüsumların
ödənilməsi asan xidmətin müvafiq bölmələrində həyata keçiriləcək".