Xəzər Xəbər

ABŞ-ın müdafiə naziri iki Koreya arasındakı zonaya gedəcək

İqtisadiyyat | 09:41 • 27 Oktyabr 2017
ABŞ-ın müdafiə naziri iki Koreya arasındakı zonaya gedəcək

ABŞ-ın müdafiə naziri Ceyms Mattis cənubi koreyalı həmkarı Sonq Yunq-mu ilə birlikdə Koreya Respublikası ilə Koreya Xalq Demokratik Respublikası (KXDR) arasında faktiki sərhəd rolunu oynayan demilitarizasiya zonasına (DMZ) səfər edəcək.


AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər verir ki, müdafiə nazirləri demilitarizasiya zonasına oktyabrın 27-də həyata keçiriləcək səfər zamanı Şimali Koreyaya xəbərdarlıq xarakterli bəyanat verəcəklər.


Bildirilir ki, səfərdən bir gün sonra iki ölkənin müdafiə qurumları arasında 49-cu təhlükəsizlik müşavirəsi keçiriləcək. ABŞ Prezidenti Donald Trampın Koreya Respublikasına noyabrın 7-8-də nəzərdə tutulan səfəri ərəfəsinə təsadüf edəcək müşavirədə əsas mövzu Koreya yarımadasındakı vəziyyət, KXDR-in raket və nüvə silahı təhdidlərinə qarşı iki ölkənin ittifaqına və birgə cavab tədbirlərinə dair məsələlər olacaq.


Qeyd edək ki, Koreya yarımadasında 38-ci paralel üzrə keçən DMZ Koreya Respublikası ilə Koreya Xalq Demokratik Respublikası arasında 250 kilometr uzunluğunda, 4 kilometr enində bufer zonasıdır. Zona 1953-cü ilin iyulunda Koreya müharibəsindən sonra imzalanmış atəşkəs müqaviləsinə əsasən yaradılıb. DMZ-nin ortası boyu hərbi demarkasiya xətti uzanır. Koreya yarımadasındakı demilitarizasiya zonası "Berlin divarı”nın sökülməsindən sonra "Soyuq müharibə”nin sonuncu qalığı hesab olunur. Koreya Respublikası tərəfindən DMZ-yə turist səfərləri təşkil olunur.

Xəbər lenti

Çox oxunanlar