Xəzər Xəbər

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının XXVII turuna start verilir

İdman | 14:26 • 14 May 2021
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının XXVII turuna start verilir

Mayın 14-də futbol üzrə Azərbaycan Premyer Liqasının XXVII turuna start veriləcək.

Xezerxeber.az xəbər verir ki, turun bütün görüşləri bir gündə baş tutacaq, onlardan 3-ü eyni saatda başlayacaq.

Günün ilk matçında “Qəbələ” klubu “Sabah”ı qəbul edəcək. İyirmi beş xala malik komandalar 5-6-cı yerləri bölüşdürür. Sadəcə, “Sabah” ikili oyunlarda daha üstü olduğu üçün beşinci yerdə qərarlaşıb. “Qəbələ” turnir cədvəlində irəlimək üçün mütləq bu oyunda qalib gəlməlidir.

İki komanda Premyer Liqada 10 dəfə üz-üzə gəlib. Bunların 4-də əyalət təmsilçisi, 5-də isə paytaxt klubu qələbə qazanıb. Topların nisbətində də “Sabah”ın üstünlüyü var - 12:10. Qonaqlar rəqibinə qarşı beş oyundur meydanı qolsuz tərk etmir. Qəbələdəki son iki görüşdə 3 qol qeydə alınıb.

Çempionluğa iddialı komandalardan “Neftçi” komandası “Sumqayıt”ın qonağı olacaq. “Ağ-qaralar” 53 xala malik lider “Qarabağ”dan bir xal geridədir. “Gənclik şəhəri” təmsilçisi 36 xalla üçüncüdür.

Çempionatdakı 34 oyundan 16-da flaqman, 14-də meydan sahibləri meydanı üç xalla tərk edib. Topların nisbətində də “Neftçi” üstündür - 42:52. Qonaqlar Premyer Liqadakı son dörd oyunda qələbə qazana bilmir. “Sumqayıt” öz meydanındakı son 4 matçdan qalib ayrılmayıb.

Hazırda 54 xalla lider olan son ölkə çempionu “Qarabağ” 23 xalla sonuncu - 8-ci pillədə gedən “Keşlə”ni qəbul edəcək. Bu, komandaların Premyer Liqada 66-cı dueli olacaq. Əvvəlki 65 qarşılaşmanın 30-da Ağdam klubu, 13-də paytaxt təmsilçisi qələbə qazanıb. Topların nisbətində də “köhlən atlar”ın aşkar üstünlüyü var - 83:42. “Qarabağ” son 10 oyunda rəqibinə uduzmayıb. Ağdamlıların son dörd ev matçında 3 və ya daha çox qol vurulub.

Günün sonuncu görüşündə “Zirə” klubu “Səbail”i qəbul edəcək. Meydan sahibləri 35 xalla 4-cü, “dənizçilər” isə 24 xalla 7-ci sıradadır. Çempionatda 14 oyunun 7-də “qartallar”, üçdə isə qonaqlar 3 xal qazanıb. Topların nisbətində “Zirə” üstündür - 17:8. Komandalar arasında son iki Premyer Liqa matçında qol vurulmayıb. “Səbail” beş oyundur rəqibinə qalib gələ bilmir.

Qeyd edək ki, “Qəbələ” - “Sabah” oyunu 17:00-da, “Qarabağ” – “Keşlə”, “Sumqayıt” – “Neftçi”, “Zirə” – “Sabah” görüşləri isə 19:00-da başlayacaq.

İyirmi altı turdan sonra aktivində 54 xalı olan “Qarabağ” birinci, 53 xalı olan “Neftçi” ikinci, 36 xalla “Sumqayıt” üçüncü, 35 xalı olan “Zirə” isə dördüncü yerdə qərarlaşıb. Digər pillələrdə müvafiq olaraq “Sabah” (25), “Qəbələ” (25), “Səbail” (24) və “Keşlə” (23) yer alıblar.

Xəbər lenti