Xəzər Xəbər

Çempionlar Liqasında ilk iki yarımfinalçı müəyyənləşəcək

İdman | 12:23 • 16 Aprel 2019
Çempionlar Liqasında ilk iki yarımfinalçı müəyyənləşəcək
Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk iki cavab görüşü keçiriləcək. 


XəzərXəbər xəbər verir ki, qarşılaşmalar İtaliya və İspaniyada təşkil olunacaq. "Yuventus" Hollandiya "Ayaks”ını, "Barselona” isə İngiltərə "Mançester Yunayted”ini qəbul edəcək. 


Səfərdəki ilk oyundan 1:1 hesablı heç-heçə ilə ayrılan "Yuventus”a yarımfinala yüksəlmək üçün doğma meydanda qolsuz heç-heçə də kifayət edəcək. "Ayaks” isə tarixdə ilk dəfə Turində qələbə qazanmaq üçün meydana çıxacaq. Hərçənd, amsterdamlıları 2:2-dən başlayaraq, məhsuldar heç-heçələr də qane edir. 


Gecənin digər matçına gəldikdə, evdə 0:1 hesabı ilə məğlub olan Ole Qunnar Sulşerin baş məşqçi olduğu kollektivin cavab qarşılaşmasında qələbədən başqa şansı yoxdu. "Mançester Yunayted” 20 il əvvəl məhz "Nou Kamp"da Almaniya "Bavariya"sını finalda 2:1 hesabı ilə məğlub edərək, tarixində ikinci dəfə Çempionlar Liqasının qalibi olub. Həmin görüşdə Sulşer futbolçu qismində iştirak edib. 81-ci dəqiqədə meydana daxil olan norveçli hücumçu 90+3-cü dəqiqədə komandasının qələbə topunu vurub. 


Çempionlar Liqası 

1/4 final

Cavab oyunları 


16 aprel 

23.00 Barselona (İspaniya) - Mançester Yunayed (İngiltərə) 

Baş hakim: Feliks Brix (Almaniya).

Barselona. "Nou Kamp" stadionu.


23.00 Yuventus (İtaliya) - Ayaks (Hollandiya) 

Baş hakim: Klemen Turpin (Fransa).

Turin. "Yuventus" stadionu.


Fanat.Az

Xəbər lenti