Xəzər Xəbər

“Başakşəhər”-“Qalatasaray” oyununda qalib müəyyənləşməyib

İdman | 09:07 • 16 Dekabr 2018
“Başakşəhər”-“Qalatasaray” oyununda qalib müəyyənləşməyib

Dekabrın 15-də futbol üzrə Türkiyə Superliqasının XVI turunda çempionatın vahid lideri "Başakşəhər" öz meydanında turnir cədvəlinin yeddinci pilləsində qərarlaşan "Qalatasaray”ı qəbul edib.

Xezerxeber.az xəbər verir ki, Fateh Terim stadionundakı qarşılaşma heç-heçə yekunlaşıb.

Oyuna fəal başlayan meydan sahibləri 18-ci dəqiqədə İrfan Can Kahvecinin vurduğu qolla hesabı açıblar. Bundan 12 dəqiqə sonra "Qalatasaray”ın hücumçusu Eren Derdiyok penalti zərbəsindən hesabı bərabərləşdirib. Birinci hissə bu hesabla başa çatıb.

Komandaların qarşılıqlı hücumlarına baxmayaraq, fasilədən sonra da hesab dəyişməyib - 1:1.

Bu oyundan sonra "Başakşəhər" komandası xallarının sayını 34-ə yüksəldərək turnir cədvəlində ilk pillədəki mövqeyini qoruyub. "Qalatasaray” isə 26 xalla çempionatda ikinci yerə yüksəlib. "Başakşəhər" hazırda ən yaxın izləyiciləri "Qalatasaray”, "Kasımpaşa" və "Antalyaspor”dan səkkiz xal irəlidədir.

Xatırladaq ki, "Başakşəhər" və "Qalatasaray” indiyədək 22 dəfə qarşılaşıb. Onlardan 7-də "Başakşəhər", 11-də "Qalatasaray” qalib gəlib, 4 oyun heç-heçə başa çatıb.

Turun digər oyunda ikinci sıradakı "Kasımpaşa" səfərdə "Konyaspor"a 3:2 hesabı ilə məğlub olub.

Çempionatın favoritlərindən sayılan "Beşiktaş" dekabrın 16-da öz meydanında "Trabzonspor”la görüşəcək.

Hazırda hər birinin hesabında 26 xal olan "Qalatasaray”, "Kasımpaşa” və "Antalyaspor” turnir cədvəlində ikinci-dördüncü yerləri bölüşürlər. Aktivində 25 xal olan "Beşiktaş” beşinci yerdədir.

Xəbər lenti

Çox oxunanlar