Xəzər Xəbər

Fələstinlilər Messini təhdid etdi: İsrail - Argentina oyunu ləğv olundu

İdman | 13:37 • 6 İyun 2018
Fələstinlilər Messini təhdid etdi:

Argentina millisi iyunun 9-da Qüdsdə İsrail ilə yoldaşlıq oyununun keçirilməsindən Fələstin tərəfinin etirazı və idmançıların təhlükəsizliyinə təhdid səbəblərindən imtina edib.


Bununla bağlı İsrailin Argentinadakı səfirliyinin yaydığı bəyanatda bildirilir.


Rəsmi açıqlamada deyilir: "Lionel Messi ölüm təhdidləri aldıqdan sonra digər oyunçular onunla həmrəylik nümayiş etdirərək, matça çıxmaq istəməyiblər. Belə hədələr İsrail idmançıları və ölkənin sakinləri üçün yeni deyil. Biz öz torpağımızda Argentina idmanının əsas ulduzlarından birini qəbul etmək imkanını gözləyəcəyik".


Qeyd edək ki, daha əvvəl Fələstin Futbol Federasiyasının prezidenti Cibril Racub müsəlman azarkeşləri, İsraillə oyunda meydana çıxacağı halda, Lionel Messinin fotoları və futbolkalarını yandırmağa çağırıb. İsrail - Argentina matçı iyunun 9-na planlaşdırılmışdı.


Qarşılaşmanın keçirilməyəcəyi dəqiqləşdikdən sonra baş nazir Binyamin Netanyahu Argentina prezidenti Maurisio Marki ilə telefon danışığı aparıb və qərarı dəyişdirməyə çalışıb. Ancaq Argentina prezidenti Netanyahunu başa salıb ki, futbol federasiyasının qərarına təsir göstərə bilməz.

Xəbər lenti