"Bizi çətin oyun gözləyir. İlk iki matçda uğursuzluq olsa da, komandama güvənirəm”.
XəzərXəbər xəbər verir ki, bu sözlər "Atletiko”nun baş məşqçisi Dieqo Simeoneyə məxsusdu.
İspaniya təmsilçisi Çempionlar Liqasının qrup mərhələsinin III turu çərçivəsində "Qarabağ”ın qonağı olacaq.
Bakı Olimpiya Stadionunun konfrans zalında təşkil edilən mətbuat
konfransında Simeone fikrini bu sözlərlə davam etdirib: "İnanıram ki,
komandam sabah lazımi qələbəni qazanacaq. Bizdə gözləntilər konkret bir
oyunçu üzərində deyil. Hamıdan eyni oyunu gözləyirəm”.
- "Barselona” ilə matçda heç-heçə etdiniz. Həmin nəticədən sonra narahat deyilsiniz?
- Komandamın düzgün yolda olduğunu bilirəm. Çalışırıq ki, oyundan-oyuna
"artıraq”. "Roma” ilə matçda qələbə qazanmalı idik, amma heç-heçə ilə
kifayətləndik. Hər hansı dəyişiklik düşünmürəm. Komandama güvənirəm.
- "Qarabağ” o qədər də güclü deyil. Kimisə sınamaq fikrində deyilsiniz?
- Bizə 3 xal lazımdı. Bunun üçün hansı dəyişiklik lazımdısa, onu da
edəcəyik. "Astana” ilə matçda xal itkimiz olub. Belə bir təcrübəmiz var.
"Qarabağ” "Roma”ya asanlıqla məğlub olmayıb. Bu da bizi çətin oyunun
gözlədiyini deməyə əsas verir.
- "Barselona” və "Çelsi” kimi komandalarla oyunlardan sonra"Qarabağ”a qarşı matça uyğunlaşmaq çətin olmur?
- Hər oyunun öz gözəlliyi var. Rəqibin kimliyindən asılı olmayaraq, hədəfimiz qələbə olur.
- "Qarabağ”da kimi özünüz üçün təhlükəli hesab edirsiniz?
- Rəqibin heyətində həm hücumçular, həm də cinah oyunçuları təhlükəlidi. Miçeli qeyd edə bilərəm.
- "Qarabağ” ispan futboluna yaxın oyun sərgiləyir. Belə komandaya qarşı çıxış etmək sizə nə kimi çətinlik yarada bilər?
- "Qarabağ” ispan futboluna yaxın oyun göstərir. Bunu təsdiqləyə
bilərəm. Amma hər matça fərqli yanaşırlar. "Çelsi” və "Roma”ya qarşı
fərqli oyun göstərmişdilər. Əsasən 4-3-3 və 4-2-3-1 sistemi ilə
oynayırlar. Sabah hücumameyilli oyunçuları bizə çətinlik yarada
bilərlər.
- "Çelsi” ilə matça kimi, La Liqa görüşlərində asan qələbələr qazanmışdınız. Lakin həmin görüşdən sonra sanki eniş yaşanır...
- Komanda hər oyuna eyni formada hazırlaşır. Hələ yaxşılaşdıracağımız
cəhətlər var. Bunların üzərində işləyirik. Çalışmaqla nəticələr də
yaxşılaşır.
- Azərbaycanla əməkdaşlığınız olmuşdu və bu, sizə uğur
gətirmişdi. Qarabağ bölgəsi və Azərbaycan haqda fikirləriniz maraqlı
olardı...
- Qarabağın tarixi haqda məlumatım yoxdu. Buna görə, üzr istəyirəm. Klub
barədə məlumatım var. Azərbaycanla əməkdaşlığımız bizə uğur gətirmişdi.
İlk ilimizdə İspaniya Kral Kubokunu, daha sonra isə La Liqanı
qazanmışdıq, Çempionlar Liqasının finalına adlamışdıq. İnanıram ki,
burdan getdikdən sonra da eyni uğurları qazanacağıq. (Apasport.az)