Xəzər Xəbər

DTX və DSX birgə əməliyyat keçirib: Saxlanılanlar var

Hadisə | 12:36 • 17 Dekabr 2018
DTX və DSX birgə əməliyyat keçirib:
Dövlət Sərhəd Xidməti dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində tədbirləri davam etdirir.


DSX-nin Mətbuat Mərkəzindən XəzərXəbər-ə verilən məlumata görə, "Astara” dövlət sərhədindən buraxılış məntəqəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin əməkdaşları tərəfindən İrandan Azərbaycana gələn İran vətəndaşı 2002-ci il təvəllüdlü Bargikani Naza Muhammedbakhirin üzərində 320 qram narkotik maddə olan "heroin” aşkar olunaraq götürülüb.

Narkotik vasitənin sifarişçisinin müəyyənləşdirilməsi və saxlanılaraq məsuliyyətə cəlb olunması məqsədilə həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri 1992-ci il təvəllüdlü Səfərov Kazım Ağəli oğlu və 1994-cü il təvəllüdlü Nəsirov Elyaz Taleh oğlu saxlanılıb.

Bildirilib ki, "Horadiz” sərhəd dəstəsinin Beyləqan rayonu Əhmədli kəndi ərazisindəki sərhəd zastavasının xidməti ərazisində İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozan 1976-cı il təvəllüdlü Bərdə rayon sakini Cəfərov Tələt Allahyar oğlu və 1977-ci il təvəllüdlü Ağcabədi rayon sakini Quliyev Namiq Allahverdi oğlu 2270 qram narkotik maddə olan "marixuana” ilə saxlanılıb.

Məlumata görə, Dövlət Sərhəd Xidmətinin və Dovlət Təhlkəsizliyinin Xidməti əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yardımlı rayonu ərazisində "Mersedes” markalı avtomobilə baxış keçirərkən salonda 1145 qram narkotik maddə olan "heroin” aşkar olunaraq götürülüb. Avtomobildə olan Azərbaycan vətəndaşları Şəmkir rayon sakini 1991-ci il təvəllüdlü Əlizadə Vüsal Yaşar oğlu, Mingəçevir şəhər sakini 1984-cü il təvəllüdlü Soltanov Elçin Muxtar oğlu və Sumqayıt şəhər sakini 1977-ci il təvəllüdlü Hüseynov Hüseyn Novruz oğlu saxlanılıb.

Qeyd olunan faktlar üzrə cinayət işləri başlanılıb zəruri əməliyyat-istintaq hərəkətləri həyata keçirilir.

Xəbər lenti

Çox oxunanlar