Xəzər Xəbər

Fəxri konsul: “Evləri dağılmayan azərbaycanlılar Xarkova qayıda bilərlər”

Gündəm | 14:29 • 24 May 2022
Fəxri konsul: “Evləri dağılmayan azərbaycanlılar Xarkova qayıda bilərlər”

Bir neçə gün öncə Xarkov şəhərinin meri İqor Trixovla görüşümüz oldu. Görüş zamanı şəhər administrasiyasının birinci müavini də görüşdə iştirak edirdi. Onların verdiyi statistik məlumata görə, Xarkov şəhərinə gündəlik 2000-dən 5000-ə qədər insan geri qayıtmağa başlayıb. Onların içində bizim həmyerlilərimiz də var. Onların sayını hələ ki dəqiq demək çox çətindir. Ona görə də bizdə hələ heç bir statistik məlumat yoxdur.

Xezerxeber.az xəbər verir ki, bu fikirləri Azərbaycanın Ukraynanın Xarkov şəhərində fəxri konsulu Əfqan Salmanov APA-ya müsahibəsində deyib.

"Qayıtmaq üçün şərtlər necədir? Məsələn, kimlərin Xarkova qayıtmasına icazə verilmir?" kimi sullara cavab verən Əfqan Salmanov belə deyib: "Görüş zamanı mer bildirdi ki, evləri dağılan, mənzillərini itirən şəxslərin qayıtmasını məsləhət görmürlər. Çünki bu gün ilk növbədə metroda yerləşən evləri dağılan adamları yerləşdirməyə çalışırlar. Qayıtmağı məsləhət gördükləri adamlar evləri, mənzilləri dağılmayanlardır. Amma evləri dağılanların bir az gözləməsini tövsiyə edirlər".

O əlavə edib ki, müəssisələrin çox hissəsi hələ işləmir: "Çünki hələ kimsə tərəfindən stabilliyə tam qarantiya verilməsi mümkün deyil. Hələ bir neçə gün öncə Ukrayna Prezidenti Volodimir Zelenski açıqlamasında vətəndaşların geri qayıtmasını məsləhət görmədiyini demişdi. O bildirmişdi ki, müharibənin qaynar fazası qarşıdakı 2 ay ərzində də ola bilər.

"Biz sonuncu görüşə əsaslanıb onu deyə bilərik ki, mənzillərini itirməyən, evləri dağılmayan azərbaycanlılar artıq Xarkova, Ukraynaya qayıda bilərlər. Ancaq kimlər ki, mənzillərini itirib, onlar gözləsin. Onlar gəlib küçədə qala bilməzlər. Hələ ki, onları yerləşdirməyə şərait yoxdur. Mənzillərini itirən, evləri dağılan azərbaycanlılar da Fəxri konsulluğa müraciət edəndə, zəng açanda onlara bu tövsiyəni çatdırırıq. Fürsətdən istifadə edib bir daha vətəndaşlara müraciət edirik ki, mənzillərini itirən, evləri dağılanlar hələlik müvəqqəti Ukraynaya qayıtmasınlar. Çünki öncə də qeyd etdiyim kimi, həm müharibə bitməyib, həm də bu gün həmin insanları haradasa yerləşdirmək problemdir",-deyə Əfqan Salmanov əlavə edib.

Xəbər lenti