Xəzər Xəbər

Qarabağda işlərin sürətləndirilməsi üçün xüsusi tədbirlər planı hazırlanır

Gündəm | 15:05 • 9 Dekabr 2021
Qarabağda işlərin sürətləndirilməsi üçün xüsusi tədbirlər planı hazırlanır

“Qarabağ iqtisadi rayonunda işlərin sürətləndirilməsi üçün xüsusi tədbirlər planı hazırlayırıq”.

Bunu “Report”a Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.

O, işğaldan azad edilmiş ərazilərdə aparılan işlərdən danışarkən bildirib ki: “Zəngilan rayonun Ağalı kəndində icra edilən “Ağıllı kənd” layihəsi pilot layihədir. Bütün qabaqcıl texnologiyalar “Ağıllı kənd”də icra edilir, kənddə işlər uğurlu şəkildə aparılır. Orda məskunlaşacaq ailələr üçün təlimlər keçirilib. Yaxın zamanlarda ilk qrupun ora köçürülməsi nəzərdə tutulur”.

E.Hüseynovun sözlərinə görə, Füzulinin Dövlətyarlı kəndində “Ağıllı kənd” konsepsiyası əsasında yaşayış məntəqəsinin layihələndirilməsi istiqamətində iş aparılır: “Ümid edirik ki, qısa zamanda layihələndirmə işi başa çatacaq və fiziki işlərə başlanılacaq. Bunlar pilot olaraq həyata keçirilən layihələrdir. Əhalinin kütləvi məskunlaşması sadə iş deyil, bütün bunların hamısı qəbul edilmiş strateji fəaliyyət planına uyğun olaraq həyata keçirilir. İlk növbədə işğaldan azad edilmiş ərazilərdə təhlükəsizlik tədbirləri, minalardan təmizləmə, baza infrastrukturunun çəkilişi yekunlaşdıqdan sonra paralel olaraq yaşayış obyektləri, sosial-fiziki infrastruktur formalaşdırılmalıdır. Məktəb, xəstəxana, inzibati dövlət xidmətlərini təqdim edən dövlət binaları olmalıdır. Bütün bunların konkret fəaliyyət planı var. Bu planlar hər bir rayon üzrə hazırlanılıb. Eyni zamanda, artıq Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları mövcuddur. Prezident İlham Əliyevin sərəncamı ilə Qarabağ iqtisadi rayonun xüsusi nümayəndəliyi təsdiq edilib. Hazırda Qarabağ iqtisadi rayonun azad edilmiş ərazilərində bərpa-quruculuq işlərini diqqət mərkəzində saxlayaraq onların daha da sürətləndirilməsi üçün xüsusi tədbirlər planı hazırlayırıq. Ümid edirəm ki, bu işlər də vaxtında yekunlaşacaq və bütün bu layihələr uğurla icra ediləcək”.

Konkret layihələrə gəldikdə isə, o əlavə edib ki, həm Füzuli, həm Ağdam şəhərlərinin Baş planları təsdiq edilib: “Bu planlarda nəzərdə tutulmuş ilk bir neçə tikinti layihələri artıq layihələndirmə prosesindədir və təməl daşları qoyulub”.

Xatırladaq ki, Zəngilan rayonunun Ağalı kəndində yaradılan “Ağıllı kənd”də innovativ tikinti materiallarından istifadə edilməklə tam izolyasiya olunmuş 200 fərdi ekoloji evin, ikimərtəbəli 4 qeyri-yaşayış binasının, 360 şagird yerlik məktəbin və 60 yerlik uşaq bağçasının tikintisi həyata keçirilir. Kənddə ilkin mərhələ üzrə işlər yekunlaşmaq üzrədir. “Ağıllı kənd”də kənd təsərrüfatı fəaliyyətinin bərpası və inkişafı üçün müvafiq şəraitin yaradılması məqsədilə layihə çərçivəsində ictimai fermanın qurulması nəzərdə tutulur. Fermada 250 baş iribuynuzlu və 600 baş xırdabuynuzlu mal-qaranın saxlanması mümkün olacaq. Burada “Ağıllı idarəetmə sistemi” data və təhlil mərkəzindən həyata keçiriləcək.

Xəbər lenti

Çox oxunanlar