Xəzər Xəbər

“Karabakh Memorial” internet resursunun təqdimat mərasimi keçirilib

Gündəm | 20:00 • 25 Noyabr 2021
“Karabakh Memorial” internet resursunun təqdimat mərasimi keçirilib

Vətən müharibəsi zamanı beynəlxalq humanitar hüququn norma və prinsiplərinə məhəl qoymayan Ermənistan silahlı qüvvələri tərəfindən mülki əhaliyə qarşı törədilən terrorun nəticələrini dünya ictimaiyyətinə çatdırmaq, eləcə də həlak olmuş mülki əhalinin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Qarabağ Dirçəliş Fondu tərəfindən yaradılmış “Karabakh Memorial” internet resursunun noyabrın 25-də təqdimatı keçirilib.

Xezerxeber.az xəbər verir ki, bu internet resursu ideya müəllifi Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva olan “Karabakh Center” layihəsi çərçivəsində yaradılıb.

Tədbirdə Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Milli Məclisin deputatı Müşfiq Cəfərov və Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva çıxış ediblər.

Təqdimatda Ermənistan silahlı qüvvələri tərəfindən mülki əhaliyə qarşı törədilən terror nəticəsində ailə üzvlərini, əzizlərini və yaxınlarını itirən şəxslər də iştirak ediblər.

“Karabakh Memorial” layihəsində “Azyaşlı qurbanlar”, “Təcavüzün mülki qurbanları”, “Erməni hücumlarının hədəfləri” bölmələri və terror aktları nəticəsində həlak olan 12 azyaşlının hekayəsi 3 dildə yer alıb.

Xatırladaq ki, Ermənistan silahlı qüvvələrinin döyüş bölgələrindən uzaq məsafədə yerləşən şəhər və qəsəbələrimizdə yaşayan dinc əhaliyə qarşı törətdiyi müharibə cinayətləri nəticəsində12-si uşaq, 27-si qadın olmaqla ümumilikdə 93 mülki şəxs həlak olub.

Qeyd edək ki, Ermənistan 1949-cu il Cenevrə konvensiyaları, BMT-nin Uşaq Hüquqları Konvensiyası da daxil olmaqla, bir çox beynəlxalq hüquq normalarını dəfələrlə kobud şəkildə pozub. Lakin Ermənistana qarşı hələ də heç bir beynəlxalq hüquqi sanksiya tətbiq edilməyib. Habelə mülki obyektlərin hədəfə alınması, bir çox yaşayış evlərinin, təhsil və səhiyyə müəssisələrinin dağıdılması uşaqların təhsil, sağlamlıq və digər hüquqlarının pozulmasına gətirib çıxarıb. Bununla yanaşı, intensiv şəkildə atəş açılması uşaqların psixoloji sarsıntı keçirməsinə səbəb olub.

 

Xəbər lenti