Xəzər Xəbər

Məleykə Abbaszadə qəbul imtahanlarındakı yeniliklərdən DANIŞDI

Gündəm | 13:48 • 28 Oktyabr 2021
Məleykə Abbaszadə qəbul imtahanlarındakı yeniliklərdən DANIŞDI

"III ixtisas qrupunda bəzi ixtisaslar üzrə imtahan fənlərinin dəyişdirilməsi qəbul imtahanı ilə əlaqəli müsabiqə vəziyyətinə elə də təsir etməyəcək".

XəzərXəbər xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, III qrup üzrə dəyişikliklə bağlı 1 300 yer əlavə olunacaq: “Dəyişiklik III qrupdakı gərginliyi bir növ aşağı salacaq. Belə ki, 300 bal toplayıb ali məktəblərə qəbul olmayanlar üçün şans deməkdir. Yuxarı reytinqli ixtisaslarda vəziyyət olduğu kimi qalacaq”.

“Bəzən qəbul qaydalarında dəyişiklik olanda abituriyentlərdə narahatlıq yaranır ki, ali məktəblərə qəbul çətinləşdirilir, bu, belə deyil” - deyən DİM sərdinin sözlərinə görə, bu dəyişikliklər abituriyentlərin imkanlarını genişləndirmək üçün aparılır:

“Ali məktəblərlə sıx əməkdaşlıq edirik. Onlar istəyirlər ki, qəbul olan tələbələr ən azı məktəb proqramı səviyyəsində bu ixtisasları bilsinlər. Beynəlxalq münasibətlər və Regionşünaslıq üzrə təhsil almaq istəyənlər mütləq coğrafiyanı bilməlidirlər.

Müharibə bitib, silahlar susub, amma bu müharibə beynəlxalq arenada aparır. Bunu isə beynəlxalq münasibətləri bitirən mütəxəssislər aparır. Ona görə beynəlxalq münasibətlər işində çalışan hər kəs gərək coğrafiyanı, xəritələri bilsin. Bu, müasir dövrün tələbləridir. III və II qrupda 2011-ci ilə qədər coğrafiya fənni var idi. O zaman həmin qruplarda orta statistik abituriyent bu fənni mənimsəyib cavab verirdi”.

Məleykə Abbaszadə bildirib ki, gələn il qəbul imtahanlarının iki mərhələdə keçirilməsi planlaşdırılır.

Onun sözlərinə görə, III ixtisas qrupunda bəzi ixtisaslar üzrə imtahan fənlərinin dəyişdirilməsi səbəbindən əlavə olunan coğrafiya fənninin məzmunları II qrupla demək olar, eyni olacaq.

DİM sədri deyib ki, xarici dildə təhsil almaq istəyənlər üçün Azərbaycan dili imtahanının məzmun və istifadə olunan sualların səslənmə forması bu dəfə keçiriləcək qəbul imtahanlarında tətbiq olunacaq.

O xatırladıb ki, pandemiya səbəbindən əvvəlki illərdə səsləndirmə məsələsi təxirə salınmışdı.

M.Abbaszadə əlavə edib ki, III qrupda olan dəyişiklik səbəbindən yəqin ki, coğrafiya fənni üzrə imtahan ayrı olacaq.

DİM sədri bildirib ki, 2023-2024-cü tədris ilindən qəbul imtahanlarında I qrupa informatika fənni daxil ediləcək. Bununla bağlı proqram mart ayında ictimaiyyətə təqdim olunacaq.

O qeyd edib ki, bu, əlavə fənn olacaq: “İxtisaslar iki alt qrupa bölünəcək. III qrupda kim yalnız beynəlxalq münasibətlər və regionşünaslıq ixtisasını seçirsə, onun imkanı var ki, bir dəfə imtahana gəlsin. Ana dili, coğrafiya və tarix fənnindən imtahan versinlər, əlavə imtahana girməsinlər. Eyni məntiq I qrupda da təqdim olunacaq. İnformatika yönümlü – riyaziyyat, fizika və infor ixtisaslarını seçənlər bir imtihanda iştirak edə bilər. Yalnız kimya üzrə istiqaməti nəzərdə tutanlar riyaziyyat, fizika və kimyadan imtahan verirlər. Onları kimsə məcbur etmir ki, əlavə informatikadan imtahan versinlər”.www.instagram.com

M. Abbaszadə, həmçinin bildirib ki, bu il informatika fənni ilə əlaqədar müəlliflər qəbul edilib: “Qəbul proqramı elə nəzərdə tutulur ki, birinci illər imtahan kağız daşıyıcıları əsasında olsun. Növbəti illərdə isə kompüter vasitəsilə keçiriləcək. Bununla bağlı əlavə planlarımız var. Bu il I qrupda informatika fənni daxil olmayacaq. Gələn ildən isə həmin fənnin olması nəzərdə tutulur. Mart ayında, bəlkə də, bir az tez gələn ilki proqram ictimaiyyətə təqdim olunacaq”.

Xəbər lenti