Xəzər Xəbər

Nazir Anar Kərimov Çexiyanın Azərbaycandakı səfiri ilə görüşüb

Gündəm | 18:58 • 14 Oktyabr 2021
Nazir Anar Kərimov Çexiyanın Azərbaycandakı səfiri ilə görüşüb

Mədəniyyət naziri Anar Kərimov oktyabrın 8-də Çexiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Milan Ekert ilə görüş keçirib.

Nazirlikdən verilən məlumata görə, görüşdə Anar Kərimov Azərbaycan və Çexiya arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib.

Bu münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən mədəniyyət sahəsində daha da inkişaf etdirilməsi və genişləndirilməsi üçün əlverişli imkanların mövcudluğundan danışıb. Əməkdaşlıqda prioritet məsələ kimi mədəni irsin qorunması, kreativ industriyanın təkmilləşdirilməsi, film və musiqi sahəsinin inkişafının zəruriliyindən bəhs edib. İşğaldan azad olunmuş torpaqlarımızda həyata keçirilən tarixi abidələrimizin bərpası prosesində Çexiyadan olan peşəkarların təcrübəsindən faydalanmağın əhəmiyyətini bildirib.

Anar Kərimov həmçinin “Mədəniyyət naminə sülh” (Peace for culture) beynəlxalq platforması haqqında da məlumat verib. Çexiyanı da bu önəmli platformaya qoşulmağa dəvət edib.

Səfir Milan Ekert qəbula görə minnətdarlığını bildirib. Azərbaycanın caz musiqi ənənələrinin zəngin tarixindən bəhs edən səfir Nizami ili çərçivəsində dahi şairin əsərlərinin çex dilinə tərcüməsinin vacibliyini dilə gətirib. Həmçinin Azərbaycanda tarixi irsin bərpası ilə bağlı əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. İki ölkə arasında gələcək inkişaf perspektivlərindən danışan diplomat bu xüsusda uğurlu nəticələrin əldə olunacağına inamını ifadə edib.

Görüş tərəfləri maraqlandıran məsələlərin müzakirəsi ilə davam edib.

Xəbər lenti

Çox oxunanlar