Bakı 26 ℃
Xəzər Xəbər
USD 1.7

“Aleksandr Ata ruhca Azərbaycana çox yaxın olub”

Gündəm | 11:58 • 13 İyun 2021
“Aleksandr Ata ruhca Azərbaycana çox yaxın olub”

“Aleksandr Atanın fəaliyyəti Azərbaycan tarixinin bütöv bir epoxası ilə bağlıdır”.

Bunu bu gün Aleksandr Ata ilə vida mərasimində jurnalistlərə açıqlamasında Rus Provaslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının İdarəsinin mətbuat katibi Konstantin Pominov bildirib.

Konstantin Pominov deyib ki, Aleksandr Ata Azərbaycanın tolerant, multikultural ölkə olduğunu, bütün xalqların, dini konvensiyaların mehribanlıq şəraitində yaşadığını dünyaya çatdırmaq üçün bacardığını edib: “Azərbaycan və Rusiya dövlətləri, Patriarx Kril də onun fəaliyyətini yüksək qiymətləndirib. Arxiyepiskop Aleksandr 2002-ci ildə “Şöhrət” ordeni, 2012-ci ildə “Dostluq” ordeni ilə təltif edilib, 2015-ci ildə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görülüb. Bu insan Azərbaycanda anadan olmasa da, o, ruhca Azərbaycana çox yaxın olub, fəaliyyəti ancaq Azərbaycanın xeyrinə olub. Vətən müharibəsi dövründə Azərbaycan torpaqlarını işğaldan azad edərkən, ərazi bütövlüyümüz bərpa olunarkən Aleksandr Ata həmişə dua edib. Şübhəsiz ki, Allah bu qələbə zamanı onun da dualarını qəbul edib. Birinci Vitse-prezident Mehriban Əliyevanın nekroloqunda qeyd olunduğu kimi Aleksandr Ata Azərbaycanda dini konvensiyalar və xalqlar arasında münasibətlərin inkişafına böyük töhfə verib. Bizim üçün o, əsl ata və müdrik din xadimi idi”.

Qeyd edək ki, Aleksandr İşein uzun sürən ağır xəstəlikdən sonra iyunun 10-da vəfat edib.

Aleksandr İşein 1952-ci ilin 13 oktyabrında Rusiyanın Yaroslavl şəhərində anadan olub. Moskva Teoloji Akademiyasını bitirən Aleksandr İşein 1988-ci ildə arximandrit səviyyəsinə yüksəlib. 1995-ci ildə Bakirə Məryəmin Məsum Hamiləliyi şərəfinə kilsədə fəaliyyətə başlayıb. 1998-ci ildə Bakı yeparxiyasının yepiskopu təyin edilib. Aleksandr İşeinin 2012-ci ildən dərəcəsi arxiyepiskop olub.

Din xadimi kimi səmərəli fəaliyyəti qiymətləndirilən Arxiyepiskop Aleksandr 2002-ci ildə “Şöhrət” ordeni, 2012-ci ildə “Dostluq” ordeni ilə təltif edilib, 2015-ci ildə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görülüb. (APA)

Xəbər lenti