Bakı 26 ℃
Xəzər Xəbər
USD 1.7

Aleksandr Lukaşenko: Azərbaycan öz milli arzusuna çatmaq yolunda böyük addım atıb

Gündəm | 190 | 13:41 • 14 Aprel 2021
Aleksandr Lukaşenko: Azərbaycan öz milli arzusuna çatmaq yolunda böyük addım atıb

Azərbaycan öz milli arzusuna çatmaq yolunda böyük addım atıb.

XəzərXəbər xəbər verir ki, bunu Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək görüşü zamanı deyib.

Belarus Prezidenti bildirib: "Bütün bu pandemiya və sair ilə bağlı hadisələr fonunda bizim görüşümüz, ola bilsin, müəyyən dərəcədə refren kimi səslənəcək. Lakin həqiqi dostlar vaxtında həyata keçirilməli olacaq tədbirləri ləngitmirlər. Biz də belə edirik və heç bir pandemiya buna mane ola bilməz.

Siz çox düzgün dediniz ki, bizim siyasət, iqtisadiyyat sahələrində konkret istiqamətlər baxımından münasibətlərimiz olduqca çoxşaxəlidir, çox düzgündür və onlara heç nə xələl gətirmir. Biz heç kəsə mane olmuruq və heç kəs də bizə mane ola bilməz. Ona görə ki, əgər sən bir işi görmək istəyirsənsə, buna mane olmaq çətindir.

Həqiqətən, Azərbaycan öz milli arzusuna çatmaq yolunda böyük addım atıb. Lakin bu, yalnız ilk addımdır. Dünən biz bu barədə xeyli danışdıq. Mən çox şadam, Siz Belarus xalqının həqiqi dostu kimi bilirsiniz ki, qarşıda hələ çox işlər var, işğaldan azad edilmiş ərazilərdə həyatın bərpası üçün çox ağır işlər, dinc işlər görülməlidir. Bilməlisiniz ki, Belarusda Sizin etibarlı dostlarınız var. Siz bizim imkanlarımızı bilirsiniz. Bu gün biz onları nazirlər və mütəxəssislərlə bir daha müzakirə edəcəyik. Əgər biz razılığa gəlsək, - bizdə həmişə belə olub, - biz razılaşmaları həmişə reallaşdırırıq və bu gün əmtəə dövriyyəsinin yarım milyarda çatması buna sübutdur. Ümumiyyətlə, Siz Prezident vəzifəsinə gələnə qədər belə hallar olmayıb. Ona görə də, bu, dinamika baxımından yaxşı nəticədir.

Siyasi münasibətlərimizə gəldikdə isə bizə nəyinsə çatışmadığını və ya hansısa mənfi amil olduğunu demək çətindir. Bizdə belə amillər yoxdur. Bizim münasibətlərimiz əladır və mən buna görə həmişə fəxr edirəm. Biz hələ Sovet İttifaqı dövründən bütün istiqamətlər üzrə ən səmimi münasibətləri bərpa etmişik. Xüsusən çətin vaxtlarda, elə indi də Belarus üçün karbohidrogen xammalı tədarükündə göstərdiyiniz dəstəyə görə Sizə minnətdaram. Bu gün səhər fikirləşirəm, bəlkə biz münasibətlərimizi məhz bu həssas sahədə dərinləşdirmək məsələsinə baxmalıyıq, ona görə ki, Belarus iqtisadi, siyasi hadisələrin mərkəzində yerləşir. Lakin bununla belə, həll edilə bilməyən məsələlər yoxdur. Sağ olun ki, indicə dediyim kimi Azərbaycan üçün çox gərgin bir dövrdə bu məsələləri müzakirə etmək üçün vaxt tapmısınız".

Çox oxunanlar

XƏBƏRDARLIQ: 3 gün qaldı
388 | 10:27 • 12 May 2021
Bir həftə iş olmayacaq
957 | 17:16 • 19 Aprel 2021