Xəzər Xəbər

Sabahdan hava dəyişəcək, Bakıya qar yağacaq XƏBƏRDARLIQ

Bunu Gülşad Məmmədova deyib.
Gündəm | 19:25 • 10 Mart 2021
Sabahdan hava dəyişəcək, Bakıya qar yağacaq
Sibirdən hərəkət edən soyuq hava kütlələrinin ölkə ərazisinə daxil olması nəticəsində martın 11-i gündüz saatlarından başlayaraq, ölkə ərazisində hava şəraitinin dəyişəcəyi gözlənilir.
 
XəzərXəbər bildirir ki, bunu trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.
 
G.Məmmədova qeyd edib ki, martın 12-si səhərdən 13-ü səhərədək Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyi əsəcək. Küləyin sürəti saniyədə 15-20, arabir 23-28 metr olacaq. Martın 12-də gündüz saatlarında isə yarımadanın bəzi yerlərində küləyin sürəti arabir 30-33 metr/saniyəyədək güclənəcək.
 
G.Məmmədova əlavə edib ki, martın 11-də arabir yağış yağacaq. Martın 12-də isə yağışın sulu qara və qara keçmə ehtimalı var. Martın 12-də yağıntılar bəzi yerlərdə intensiv olacaq ağışlı, küləkli hava şəraiti ilə əlaqədar çovğun olacağı da istisna olunmur.
 
Martın 12-dən 13-nə keçən gecə havanın temperaturu 3-5 dərəcə enəcək, temperatur 0 dərəcəyə yaxınlaşacaq.
 
G.Məmmədova bildirib ki, sabah gündüz saatlarından şimal və qərb rayonlarından başlayaraq, hava şəraiti dəyişəcək, qeyri-sabit olacaq, arabir yağıntılı keçəcək, bəzi yerlərdə isə qar yağacaq. Ayrı-ayrı bölgələrdə isə yağıntının intensiv olacağı ehtimalı var. Bölgələrdə də bəzi yerlərdə güclü külək əsəcək. Havanın temperaturu 5-8 dərəcə enəcək. Yağıntılı hava şəraiti ilə əlaqədar, əsasən, dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı var.
 
G.Məmmədova qeyri-sabit hava şəraitinin martın 13-ü səhər saatlarınadək davam edəcəyini söyləyib.

Xəbər lenti