Xəzər Xəbər

ABŞ-ın Yuta Universitetində Xocalı qətliamına həsr edilmiş mühazirə oxunub

Gündəm | 09:25 • 26 Fevral 2021
ABŞ-ın Yuta Universitetində Xocalı qətliamına həsr edilmiş mühazirə oxunub

ABŞ-ın Salt Lake Siti şəhərində yerləşən Yuta Universitetində səfir Elin Süleymanov Ermənistan-Azərbaycan münaqişəsinə həsr olunmuş onlayn mühazirə deyib.

Xocalı soyqırımının 29-cu il dönümünə həsr olunan mühazirədə səfir “Human Rights Watch” təşkilatının da qeyd etdiyi kimi, Xocalıda Azərbaycanlılara qarşı ən böyük qətliamın həyata keçirildiyini bildirib, qadınlar, yaşlılar və uşaqlar da daxil olmaqla, 100-lərlə günahsız insanın Ermənistan silahlı qüvvələri tərəfindən amansızcasına qətlə yetirildiyini diqqətə çatdırıb.

Münaqişənin tarixi barədə ətraflı məlumat verən səfir Süleymanov, 30 ilə yaxın müddətdə ölkəmizin ərazisinin 20 faizə yaxın hissəsinin Ermənistanın işğalı altında qalması, 1 milyona yaxın insanın öz evlərindən məcburi köçkün vəziyyətinə düşməsi, 100 minlərlə uşağın təhsil də daxil olmaqla hüquqlarından məhrum olmasını qeyd edib, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə məhəl qoymayan Ermənistanın öz təcavüzkar əməllərindən əl çəkməməsinə diqqət yetirib. Səfir qeyd edib ki, 2019-cu ildə Ermənistan müdafiə naziri olmuş Davit Tanayanın “yeni ərazilər üçün yeni müharibə” bəyanatını səsləndirməsi və ümumiyyətlə Ermənistanın müharibə ritorikası ATƏT-in Minsk qrupunun həmsədrliyi ilə aparılan danışıqlar prosesini zərbə altına qoyub.

E.Süleymanov 2020-ci ilin iyul ayında Ermənistan münaqişə zonasından 100 kilometrlərlə aralıda yerləşən Azərbaycanın Tovuz rayonu istiqamətindən ölkəmizə qarşı hərbi təxribata keçməsi, mülki əhalini mərmi atəşinə tutmasından və həmin regionun yaxınlığından keçən olduqca vacib enerji kəmərlərini təhlükə altında qoymasından bəhs edib. Daha sonra 2020-ci ilin sentyabr ayında Ermənistanın növbəti hərbi təxribatından bəhs edən səfir, 6 həftə davam edən gərginlikdən sonra Azərbaycanın 30 ilə yaxındır ki, işğal altında olan torpaqları geri qaytararaq, TŞ-nin müvafiq qətnamələrini həyata keçirdiyini vurğulayıb.

Səfir, Azərbaycanın Dağlıq Qarabağın erməni əhalisinin tam hüquqlu Azərbaycan vətəndaşları olduğunu və onların sülh şəraitində yaşaması üçün Azərbaycan tərəfinin təminat veridiyini qeyd edib. O, regionun daha yaxşı gələcəyi və davamlı sülh üçün erməni xalqını Azərbaycan və digər qonşularla sülh şəraitində yaşamağa və firavan gələcək seçməyə cağırıb.

Daha sonra səfir tələbələrin ölkəmizin ABŞ-la münasibətləri, regionda əhəmiyyəti, enerji və infrastruktur layihələrində rolu və digər maraq kəsb edən məsələlərlə bağlı çoxsaylı suallarını cavablandırıb. O, Azərbaycanın olduqca əhəmiyyətli coğrafi mövqedə yerləşməsindən, əhalisinin müsəlman çoxluğa malik olmasına baxmayaraq, burada müxtəlif dinlərin nümayəndələrinin, o cümlədən xristian və yəhudilərin sülh və əminamanlıq şəraitində yaşamasından bəhs edib, müsəlman dünyasının ilk demokratik respublikası olan Azərbaycanın bir sıra aparıcı qərb dövlətlərindən, o cümlədən ABŞ-dan daha öncə, 1919-cu ildə qadınlara seçki hüququ verməsindən bəhs edib.

Yuta Universitetinin professoru Hakan Yavuzun moderatorluğu ilə keçən onlayn tədbirdə Universitetin tələbə heyəti iştirak edib.

Xəbər lenti