Xəzər Xəbər

Dövlət Miqrasiya Xidməti Azərbaycanda yaşayan əcnəbilərə müraciət edib

Gündəm | 10:59 • 18 Yanvar 2021
Dövlət Miqrasiya Xidməti Azərbaycanda yaşayan əcnəbilərə müraciət edib

Dövlət Miqrasiya Xidməti (DMX) Azərbaycanda olan və yaşayan əcnəbilərə, vətəndaşlığı olmayan şəxslərə müraciət edib.


Xezerxeber.az DMX-nin saytına istinadla xəbər verir ki, müraciətdə Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli qərarı ilə ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin aprelin 1-i saat 06:00-dək uzadıldığı xatırladılaraq, əcnəbilərin olduğu yeri və ya yaşayış yerini tərk etmələri üçün SMS icazənin ləğv edildiyi bildirilib.


Bununla əlaqədar, ölkədə olan, yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin DMX-nin fəaliyyəti ilə bağlı bir sıra məsələləri nəzərə almaları xahiş edilir. Qeyd olunub ki, miqrasiya məsələləri ilə bağlı müraciətlərin qəbulu "ASAN xidmət” mərkəzləri və regional miqrasiya idarələri vasitəsilə və ya elektron qaydada həyata keçirilir.


Müvəqqəti və daimi yaşama icazələrinə müraciət edilməsi zamanı qanunvericiliklə tələb olunan bütün sənədlər (müvafiq tibbi arayışlar da daxil olmaqla) təqdim edilməlidir.


Hazır icazə vəsiqələrinin fiziki olaraq götürülməsi zamanı müvafiq tibbi arayışların (sənəd qəbulu zamanı təqdim edə bilməyən) təqdim edilməsi zəruridir.


Daimi yaşamaq icazəsinin alınması üçün müraciət edən əcnəbilərin Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hüquq və vəzifələri, habelə dövlət dili ilə bağlı biliyinin yoxlanılması (yanvarın 25-dək ərazisinə giriş-çıxışın məhdudlaşdırıldığı şəhər və rayon mərkəzlərində yaşayan əcnəbilər istisna olmaqla) bərpa edilir.


Həmçinin respublikamızda daimi yaşama icazəsi almaq istəyən əcnəbilər üçün Azərbaycan dilinin, tarixinin, mədəniyyətinin, eləcə də hüquq və vəzifələrlə bağlı qanunvericiliyin öyrənilməsi ilə əlaqədar yenidən kursların keçirilməsinə başlanılır. Onlayn kurslarda iştirak etmək istəyənlər iş günləri saat 09:00-dan 18:00-a qədər (012) 566-37-74 telefon nömrəsinə zəng edə bilərlər.


DMX bir daha xatırladır ki, müvəqqəti olma müddəti (viza müddəti və ya 90 gün) artıq 60 gün uzadılmış (dövlət rüsumu ödəyənlər) əcnəbilərin ölkədə olması, dövlət sərhədində hərəkətlə bağlı məhdudiyyətlər aradan qaldırılanadək əlavə müraciət olmadan və dövlət rüsumu ödənilmədən qanuni hesab olunur.


Daha ətraflı məlumat üçün (012) 919 - Çağrı Mərkəzinə zəng etmək, Xidmətin rəsmi internet səhifəsindəki onlayn bələdçi, həmçinin MigAz mobil tətbiqi vasitəsilə sorğu göndərmək mümkündür. DMX-nin Çağrı Mərkəzi xüsusi karantin rejimi tətbiq olunan müddətdə fasiləsiz xidmət göstərməkdə davam edəcək.

Xəbər lenti