Xəzər Xəbər

Ukraynada ermənilər süni qarşıdurma yaratmaq istəyirlər

Gündəm | 13:53 • 27 İyul 2020
Ukraynada ermənilər süni qarşıdurma yaratmaq istəyirlər

Son günlər dünyada, o cümlədən Ukraynada ermənilərin azərbaycanlılara, soydaşlarımıza qarşı aqressiv və vandal hərəkətləri terror elementlərini özündə ehtiva edir. Çünki terrorizm həmişə Ermənistan dövlətinin fəaliyyətinin tərkib hissəsi olub. Erməni silahlı birləşmələrinin iyulun 12-dən başlayaraq Azərbaycan-Ermənistan sərhədində, Tovuz istiqamətində törətdiyi təxribata qarşı dünya azərbaycanlılarının keçirdiyi dinc aksiyalarda radikal erməni qrupları soydaşlarımıza fiziki güc tətbiq edir.


Bu fikri Xarkov şəhərində Azərbaycanın diaspor fəalları ilə görüşündə ölkəmizin Ukraynadakı səfiri Elmira Axundova söyləyib.


Səfir bildirib ki, bununla ermənilər soydaşlarımızı təxribata çəkərək süni qarşıdurma yaratmaq istəyirlər. Bunların əsas məqsədi dünya birliyinin diqqətini Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərdən yayındırmaqdır. Ona görə də Ukraynada yaşayan soydaşlarımızı, Azərbaycan vətəndaşlarını ermənilərin bu hiyləgər siyasətinə uymamağa çağırıram. "Biz öz gücümüzü işğal olunmuş torpaqlarımızın azad olunmasında göstərərək, qələbəmizi birlikdə qeyd edəcəyik”, - deyə səfir əlavə edib.


E.Axundova, həmçinin diaspor təşkilatlarını koordinasiyalı şəkildə fəaliyyət göstərmələrinin vacibliyini qeyd edib. Bildirib ki, ermənilərin informasiya müharibəsinə qarşı güclü, effektiv fəaliyyət göstərilməlidir.


Azərbaycanın Xarkovdakı Fəxri konsulu Əfqan Salmanov isə, öz növbəsində, bildirib ki, Ukraynanın bu bölgəsində diaspor təşkilatlarımız Azərbaycan Prezidenti İlham Əliyevin tövsiyələri əsasında aktiv fəaliyyət göstərir.


Müzakirələr zamanı soydaşlarımız tərəfindən diaspor hərəkatının gəncləşdirilməsi, Ukrayna cəmiyyətinə inteqrasiya olunmuş savadlı, milli ruhu güclü olan gənc soydaşlarımızın diaspor təşkilatlarının rəhbər strukturlarına gətirilməsinin vacibliyi qeyd edilib. Könüllülük hərəkatının gücləndirilməsi istiqamətində səylərin birləşdirilməsinin önəmi vurğulanıb. (AZƏRTAC)

Xəbər lenti