Xəzər Xəbər

Xəstəxananın baş həkimi: "Dərmanın qiyməti 400 manatdır"

Gündəm | 13:50 • 30 İyun 2020
Xəstəxananın baş həkimi: "Dərmanın qiyməti 400 manatdır"

Xəstəxananın 2 il əvvəl rəsmi açılışı olub və il yarımdır ki, burada əməliyyatlar icra olunur. Bu günə qədər 74 min 256 nəfər xəstə bizə müraciət edib.


XəzərXəbər xəbər verir ki, bunu "Bona Dea” Beynəlxalq Hospitalın baş həkimi Cabir Gülmalıyev 22 yaşlı pasiyent Təbəssüm Məmmədovanın meyitinin ailəsinə təhvil verilməməsi ilə bağlı məsələ ətrafında keçirilən mətbuat konfransında deyib.


O bildirib ki, bu günə qədər 5000 əməliyyat icra olunub və 10 xəstə dünyasını dəyişib: "Xəstəxana bütün müasir infrastruktura sahibdir. Əsas fərqimiz isə mütəxəssislərin bir arada olmasıdır. Digər xəstəxanaların qəbul etmədiyi bütün xəstələr buraya müraciət edir. Bizə müraciət edən ciddi onkoloji, ürək əməliyyatı tələb edən xəstələrdir. Xəstəxanamızda xəstələrə yanaşma tərzinin fərqi konsiulumlardır. Həftənin birinci və dördüncü günləri konsilium keçirilir və müalicə prosesi müzakirə edilir. Sosial şəbəkələrdə yazılan fikirlər, "xəstəxana pul üçün bunu etdi" iddiası əsassızdır. Belə fikirlər həkimlərin riskli xəstələrdən imtinasına səbəb olur və beləcə biz sağalma şansı olan xəstələri itirə bilərik".


Baş həkim qeyd edib ki, xəstəyə tətbiq olunacaq prosedurlar imzalı şəkildə bildirilir: "Təcili və təxirəsalınmaz tibbi yardım istisna olmaqla, bütün prosedurlar razılıq prosesindən sonra baş verir. Standart ürək əməliyyatlarında 1-2 faiz ölüm halı olur və bu, bütün dünyada belədir. Lakin ağır xəstə qruplarında 50 faiz ölüm halı olur. 10 riskli xəstəni əməliyyat edən həkimin 5 xəstəsi sağalırsa, bu, uğurlu rəqəmdir.


Baş həkim əlavə edib ki, hər gün xəstəyə maddi borcları barədə məlumat verilib: "Əgər bizim məqsədimiz pul qazanmaq olsa idi, biz ona müdaxilə etməz və dövlət xəstəxanasına köçürərdik. Bu müddət ərzində bütün tibbi heyət can-başla xidmət edib. Bütün otaqlarda kamera var və xəstə yaxınları kamera vasitəsi ilə xəstələri izləyə bilir. Lakin xəstənin vəziyyəti ağır olduğu üçün ailəsinə şərait yaradıldı və anasına xəstə yanında hər gün məlumat verilirdi".


Cabir Gülmalıyev xəstənin günlərlə reanimasiyada saxlanılması iddialarına aydınlıq gətirib: "Xəstə yalnız süni tənəffüs aparatına qoşulmuşdu, o, öldükdən sonra isə bunun heç bir faydası olmur. Xəstənin günlərlə morqda saxlanıldığı iddiası var. Kamera görüntülərində atasının morqa daxil olduğu qeyd olunub. Xəstə 22:30 radələrində dünyasını dəyişib. Bütün qeydiyyatlar deyilən iddiaların əsassız olduğunu göstərir. Bəziləri iddia edir ki, xəstə morqda saxlanılmayıb. Xəstəxananın 4 soyuducu kamerası var və 24 saat aktiv şəkildə fəaliyyət göstərir. Xüsusi tibbi ekspertiza otağı da var. Belə şəraitdə xəstəni morqa qoymamaq inandırıcı deyil".


O bildirib ki, atası xəstəxananın çağırışından sonra övladının meyitini təhvil alıb: "Xəstə 25 iyun dünyasını dəyişib. Onun təmizlənməsi prosedurları vaxt aparır. 26 iyun qeyri iş günü olmasına baxmayaraq, müvafiq təhvil- təslim prosesi baş tutub. Biz meyiti təhvil verdikdən sonra o videolar yayıldı".


Baş həkim xəstəyə tətbiq olunan müalicə prosesinə sərf olunan maliyyə barədə məlumat verib: "Xəstəyə tətbiq olunan antibiotik hər aptekdə 9 manata satılır, lakin bizdə 3.70 manata satılır. Bunun səbəbi isə xaricdən dərman idxal etmək potensialımız var və minimum qiymətə xəstələrə istifadə edirik. "Koil" adlı dərman isə 400 manatdır. Eyni zamanda, xəstəyə 57 paket qan istifadə olunub. Bir trombosit üçün 6 nəfərdən qan almaq lazımdır. Biz sadəcə xəstəyə sərf olunan sərfiyyat əsasında qiymət çıxarmışıq. Təəsüf ki, bütün səylərə baxmayaraq, bu gün sosial şəbəkələrdə məsələnin doğru yönünü araşdırmadan ittihamlarla qarşı-qarşıya qaldıq. Bu, bizim xaricdə yaşayıb, təhsil alan həkimlərimizə ləkədir. Biz onları dəvət etdik ki, xalq üçün xidmət göstərsinlər, vətəndaşlarımız xaricə müraciət etməsin. Təəssüf ki, qarşılaşdığımız mənzərə bizi dərindən sarsdı. Ümid edirəm ki, həkimlərimizin burada işləmək istəyi azalmayacaq".

Xəbər lenti