Azərbaycanın Maliyyə
Bazarlarına Nəzarət Palatasının tərkibində fəaliyyət göstərən Maliyyə
Monitorinq Xidməti sanksiya tətbiq edəcəyi şəxslərin siyahısına yeni
adlar və təşkilatlar əlavə edib. XəzərXəbər Palatanın rəsmi saytına istinadən xəbər verir ki, palatanın Maliyyə
Monitorinq Xidməti "Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə
çərçivəsində barəsində sanksiya tətbiq edilməli olan şəxslərin Ümumi
Siyahısı”nı BMT-nin
Təhlükəsizlik Şurasının İŞİD və "Əl-Qaidə” Sanksiya Komitəsinin 23
avqust 2018-ci il tarixli qərarına uyğun olaraq yeniləyib.
"Qara
siyahı”ya "Jama'a Nusrat ul-Islam wa al-Muslimin” (JNIM) təşkilatının
adı salınıb. Bu təşkilatın "Əl-Qaidə” və digər terror təşkilatları ilə
əlaqəsi olduğu bildirilir. JNIM-in öz fəaliyyətini Mali və
Burkina-Fasoda həyata keçirdiyi bildirilir.
Qeyd edilir ki,
Ümumi Siyahı milli qanunvericiliyə və beynəlxalq müqavilələrə uyğun
olaraq müəyyən edilmiş fiziki və hüquqi şəxslərin Ölkədaxili
Siyahısından və Beynəlxalq Siyahısından ibarətdir.
Siyahını
hazırlayan Maliyyə Monitorinqi Xidməti ölkə prezidentinin 2009-cu il 23
fevral tarixli, 66 nömrəli fərmanı ilə yaradılıb.
Maliyyə
Monitorinqi Xidməti cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və
ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun
maliyyələşdirilməsinin qarşısının alınması sahəsində qanunvericiliklə
müəyyən edilmiş səlahiyyətləri həyata keçirən orqandır.
Maliyyə
Bazarlarına Nəzarət Palatası cinayət yolu ilə əldə edilmiş pul
vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun
maliyyələşdirilməsinin qarşısının alınması sahəsində öz səlahiyyətlərini
Maliyyə Monitorinqi Xidməti vasitəsilə həyata keçirir.