Meşələrin biznes
məqsədilə qəddarcasına kəsilməsi hallarının qarşısının alınması, yanğın
təhlükəsizliyi qaydalarına ciddi riayət olunması məqsədilə Ekologiya və
Təbii Sərvətlər Nazirliyi tərəfindən Cəlilabad rayon İcra Hakimiyyətində
növbəti görüş keçirilib.
Nazirliyin mətbuat xidmətindən XəzərXəbər-ə verilən xəbərə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
səlahiyyətli şəxslərinin, rayon İcra Hakimiyyəti rəsmilərinin, Fövqəladə Hallar Nazirliyinin
Regional İdarəsinin, yerli hüquq-mühafizə orqanları əməkdaşlarının,
ictimaiyyət və bələdiyyə nümayəndələrinin iştirak etdiyi görüşdə
meşələrin qanunsuz kəsilməsinin qarşısının alınması, meşələrə və
yaşıllıqlara qəddar münasibət, yanğın təhlükəsizliyi tələblərinə riayət
olunması, cavabdeh şəxslərin və ictimaiyyət nümayəndələrinin
məsuliyyətinin artırılması məsələlələri müzakirə edilib. Meşələrə
amansız münasibət göstərərək qırıntılara yol verən şəxslərə qarşı ETSN
tərəfindən qəti tədbirlərin görüləcəyi bildirilib. Ciddi ictimai
nəzarətin həyata keçirilməsi üçün aidiyyəti şəxslərə və qurumlara
tövsiyələr verilib.
Biznes məqsədilə meşələrdə ağacların qanunsuz
kəsilməsi və oğurlanması hallarının qarşısının tam şəkildə alınması
üçün rayonda ictimai nəzarətin və ictimai mühafizənin təşkilinə dair
qərar qəbul edilib.
Nazirlik tərəfindən digər rayonlarda da
meşələrin mühafizəsi, qanunsuz ağac kəsintisinə qarşı qəti və barışmaz
mübarizə aparılması məqsədilə görüşlərin təşkili davam etdirilir.