Azərbaycan
Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət
Məşğulluq Xidmətinin 2018-ci il üzrə İş Planına uyğun olaraq, bu il
respublikamızın 56 rayon və şəhərində əmək yarmarkalarının keçirilməsi
planlaşdırılır.
XəzərXəbər xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
(ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev deyib.
Onun sözlərinə görə, işaxtaran və işsiz vətəndaşların münasib işlə təmin
olunması məqsədinə yönələn bu aktiv məşğulluq tədbirlərinin təşkili ilə
əlaqədar işəgötürənlərlə əməkdaşlıq şəraitində müvafiq hazırlıq işləri
aparılır. Belə ki, yarmarkalar zamanı müvafiq rayon və ya şəhər üzrə
idarə, müəssisə və təşkilatlarda olan boş (vakant) iş yerləri işaxtaran
və işsiz vətəndaşlara təklif olunacaq. Həmin vətəndaşlara seçdikləri və
peşə bacarıqlarına, əmək vərdişlərinə uyğun vakant iş yerlərinə
göndərişlər veriləcək. Eyni zamanda, peşə hazırlığı və əlavə təhsil
kurslarına, ödənişli ictimai işlərə cəlb olunmaq istəyənlərin qeydiyyatı
aparılacaq.
O, qeyd edib ki, Dövlət Məşğulluq Xidmətinin Əmək
Birjalarının fəaliyyət göstərdiyi şəhərlərdə keçirilən əmək
yarmarkalarında isə müvəqqəti xarakterli işlərlə təmin olunmaq istəyən
vətəndaşlar üçün həmin Birjaların iştirakı da təmin ediləcək: " Cari il
ərzində həmçinin ölkəmizin təqribən 10 ali təhsil müəssisəsində tələbə
və məzunlar üçün "Karyerada ilk addım” devizi altında aktiv məşğulluq
tədbirlərinin təşkili də nəzərdə tutulub".
Xatırladaq ki, ötən il
respublikamızın rayon və şəhərlərində keçirilən əmək yarmarkaları
zamanı vakant iş yerlərinə göndəriş verilən vətəndaşlardan 90 faizə
qədəri həmin iş yerlərində işlə təmin ediliblər.