Son günlər bəzi kütləvi
informasiya vasitələri və sosial şəbəkələrdə yetkinlik yaşına çatmayan
orta məktəb şagirdinin zorakılıq hərəkətlərinə məruz qalması, hər iki
yetkinlik yaşına çatmayan şəxsin adı, soyadı və onlar haqqında digər
məlumatların təqdim edilməsi, valideynlərinin, himayəçilərinin, hüquqi
təmsilçilərinin rəyi nəzərə alınmadan bu cür məlumatların yayılması
qanun pozuntusu kimi qiymətləndirilməklə ictimaiyyəti ciddi narahat
edir.
Baş Prokurorluğun Mətbuat xidmətindən XəzərXəbər-ə verilən məlumata görə, həmin faktla bağlı qanunla nəzərdə tutulmuş bütün tədbirlər həyata keçirildiyi halda, bəzi KİV-lərdə
bu qəbildən olan informasiyaların ictimailəşdirilməsi yetkinlik yaşına
çatmayanların psixoloji, emosional sarsıntısına səbəb olmaqla yanaşı,
ciddi problemlərə yol açır və həmin şəxslərin gələcək həyatlarını ciddi
sınaqlarla qarşı-qarşıya qoyur.
Kütləvi informasiya vasitələrində
bu qəbildən olan məlumatların ictimailəşdirilməsi milli mənəvi
dəyərlərimizə zidd olmaqla yanaşı, Azərbaycan Respublikasının
Konstitusiyasında nəzərdə tutulmuş şəxsi toxunulmazlıq hüququnu, Cinayət
Prosessual Məcəlləsinin, eləcə də digər qanunvericilik aktlarının
tələblərinin pozuntusu kimi qiymətləndirilir.
Zorakılığa məruz
qalan və cinayət hadisələrinin qurbanına çevrilmiş yetkinlik yaşına
çatmayanlar haqqında informasiyaların yayımına həssaslıqla yanaşmaları
barədə Təhsil Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq bəzi kütləvi informasiya vasitələri hələ də bundan nəticə çıxarmamışlar.
Göstərilənləri
nəzərə alaraq, gələcəkdə yetkinlik yaşına çatmayanlar haqqında
məlumatları yayacaqları təqdirdə kütləvi informasiya vasitələrinin
redaksiyası, baş redaktoru (redaktoru), yayılmış məlumat və
materialların müəllifləri barəsində qanunvericilikdə nəzərdə tutulan
daha ciddi tədbirlər görüləcəkdir.