Xəbər verdiyimiz kimi,
bu gün Azərbaycan prezidenti İlham Əliyev "Azərbaycan Respublikasında
çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı”nın
təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
XəzərXəbər Dövlət Proqramının tam mətnini təqdim edir
1. GirişQeyri-neft
sektorunun dinamik inkişafı və iqtisadiyyatın şaxələndirilməsi
istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər ənənəvi kənd
təsərrüfatı sahələrinin inkişafında mühüm nəticələr əldə etməyə imkan
vermişdir. Ölkəmizin əlverişli torpaq-iqlim şəraiti, mövcud işçi
qüvvəsi, emal sənayesi müəssisələrinin xammala tələbatının yerli
istehsal hesabına ödənilməsi imkanları və mövcud ixrac potensialı aqrar
sahənin daha da inkişafına əlverişli şərait yaradır.
"Azərbaycan
Respublikasında sitrus meyvələri, çay və çəltik istehsalının inkişafı
ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin
2017-ci il 12 sentyabr tarixli 3227 nömrəli Sərəncamına uyğun olaraq
hazırlanmış "Azərbaycan Respublikasında çayçılığın inkişafına dair
2018–2027-ci illər üçün Dövlət Proqramı” (bundan sonra – Dövlət
Proqramı) ölkəmizdə çayçılığın inkişafına dövlət dəstəyinin
gücləndirilməsinə, bu sahənin potensial imkanlarından səmərəli istifadə
edilməsinə, çay istehsalına marağın artırılmasına yönəldilmişdir.
2. Azərbaycanda çayçılığın mövcud vəziyyətiÖlkəmizdə
çay bitkisi ilk dəfə XIX əsrin sonlarında əkilmiş, çayın elmi əsaslarla
becərilməsinə 1929-cu ildən, sənaye miqyaslı plantasiyaların
salınmasına isə 1932-ci ildən başlanılmışdır. Bu sahənin inkişafı
70-80-ci illərdə daha da sürətlənmiş, çay əkinlərinin suvarma suyuna
tələbatının ödənilməsi məqsədi ilə 1976-cı ildə Lənkəran rayonunda tutumu 52 milyon kubmetr olan Xanbulançay, 1986-cı ildə Masallı
rayonunda tutumu 46 milyon kubmetr olan Viləşçay su anbarları tikilərək
istifadəyə verilmişdir. Həmin dövrdən etibarən çay plantasiyalarının
sahəsi genişləndirilərək 13,4 min hektara, yaşıl çay yarpağı istehsalı
34,5 min tona çatdırılmışdır. Eyni zamanda, ölkədə çay yarpağı emal edən
14 müəssisənin və 2 çayçəkici fabrikin tikilməsi ildə 45 min ton çay
yarpağının emalına imkan yaratmış, ölkə əhalisinin quru çaya olan
ehtiyacının 65-70 faizinin yerli istehsal hesabına ödənilməsini təmin
etmişdir.
Aparılan elmi araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, əsas hissəsi Lənkəran
iqtisadi rayonunun payına düşməklə ölkədə 21 min hektara yaxın ərazinin
təbii iqlim şəraiti, torpaqlarının mövcud vəziyyəti çay bitkisinin
becərilməsinə imkan verir.
Bununla belə, 1990-cı illərdən
etibarən ölkədə çay sahələri və istehsalı tədricən azalmağa başlamış və
2010-cu ildə çay plantasiyalarının sahəsi 587 hektara, məhsul istehsalı
545 tona düşmüşdür. Lakin bu vəziyyəti aradan qaldırmaq üçün 2016-cı
ildən başlayaraq çayçılığın inkişafına məhsul istehsalçılarının
marağının artırılması istiqamətində görülən tədbirlər sayəsində 2017-ci
ildə çay plantasiyalarının sahəsi 2010-cu illə müqayisədə 2 dəfə artaraq
1114,3 hektara, məhsul istehsalı isə 42,2 faiz artaraq 775,2 tona
çatmışdır.
Qeyd edək ki, çayçılığın təşkilinin, çay istehsalının
tənzimlənməsinin və çay məhsullarının keyfiyyətinin təmin edilməsinin
hüquqi əsaslarını müəyyən edən "Çayçılıq haqqında” Azərbaycan
Respublikası Qanununun qəbul edilməsi ölkədə çayçılığın inkişafı üçün
əlverişli mühit yaratmışdır.
Dövlət Proqramı ölkədə çay əkini
sahələrinin genişləndirilməsi sahəsində aparılan işlərin daha da
sürətləndirilməsinə təkan verəcəkdir.
3. Dünyada çayçılığın inkişaf meyilləriDünyada
çay istehsalının tarixi qədimdir və eramızdan əvvəllərə təsadüf edir.
Hazırda Çin, Hindistan, Keniya, Şri-Lanka, Türkiyə və İndoneziya
dünyanın çay istehsal edən ən böyük ölkələridir. Bu ölkələrdə istehsal
edilmiş çay məhsullarının təxminən 60-65 faizi daxili tələbatın
ödənilməsinə, 35-40 faizi isə ixraca yönəldilir. Hazırda beynəlxalq
bazarlarda bir kiloqram quru çay yarpağının qiyməti 2,65 ABŞ dolları səviyyəsindədir.
Çay
istehsalının həcminə görə dünya bazarında ən böyük istehsalçılardan
olan Çin Xalq Respublikası hər il xaricə 300-350 min ton çay ixrac edir.
Dünya bazarlarındakı paylarını artırmaq, yeni bazarları öyrənmək və
yeni çay brendlərini formalaşdırmaq məqsədi ilə bu ölkədə 157 iri çay
şirkətinin və 34 elmi tədqiqat institutunun iştirakı ilə Çin Çay
İstehsalçıları Assosiasiyası yaradılmışdır.
Dünyada çay
istehsalının həcminə görə ikinci yerdə qərarlaşmış Hindistanda yerli
əhali çay içkisindən geniş istifadə etdiyi üçün istehsalın 70 faizi
daxili tələbatın ödənilməsinə yönəldilir və beynəlxalq bazarlara
təxminən 200 min ton çay çıxarılır.
Keniyada çay
istehsalçılarının 90 faizinin plantasiyalarının ərazisinin 0,4 hektardan
az olmasına baxmayaraq, yüksək yarpaq çıxımına malik sortlardan
istifadə olunması hesabına 2013-cü ildə bu ölkə dünya bazarına 370 min
ton çay ixrac etmişdir.
Çay yarpağının istehsal həcminə görə
dünyada dördüncü yeri tutan Şri-Lankada "Seylon çayı” brendi altında
qara, yaşıl və ağ Seylon çayları istehsal edilir.
Türkiyə
Respublikasında çay bitkisi, əsasən, Qara dəniz sahillərində yerləşən
Rizə vilayətində yetişdirilir. Çay yarpağı istehsalının həcmində qara
çay sortlarının böyük payı vardır. Yerli bazarın qorunması məqsədi ilə
ölkəyə idxal olunan çaylara 145 faiz gömrük rüsumu tətbiq edilir.
4. Dövlət Proqramının məqsədi və vəzifələri4.1.
Dövlət Proqramının məqsədi ölkədə quru çaya olan tələbatın əsasən yerli
məhsul hesabına ödənilməsi, çay emalı müəssisələrinin xammal
təminatının yaxşılaşdırılması, emal sənayesinin inkişaf etdirilməsi, çay
məhsullarının ixracının artırılması və kənd əhalisinin məşğulluq
səviyyəsinin yüksəldilməsi üçün çayçılığın inkişafını stimullaşdırmaqdan
ibarətdir.
4.2. Bu məqsədə nail olmaq üçün aşağıdakı vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulur:
4.2.1. çayçılığın inkişaf etdirilməsi üzrə institusional tədbirlərin həyata keçirilməsi;
4.2.2. çayçılıq sahəsində fəaliyyəti tənzimləyən normativ hüquqi bazanın təkmilləşdirilməsi;
4.2.3. çayçılıq sahəsində elmi təminatın və kadr potensialının daha da gücləndirilməsi;
4.2.4. çay emalı potensialının artırılması;
4.2.5. çayçılıq sahəsində infrastruktur təminatının yaxşılaşdırılması;
4.2.6. çay istehsalı və emalı sahəsində innovativ texnologiyaların tətbiqinin dəstəklənməsi;
4.2.7. çay istehsalı və emalı sahələrinə yerli və xarici investisiyaların cəlb edilməsinin təşviqi;
4.2.8. çay məhsullarının rəqabət qabiliyyətinin artırılması, ixracının dəstəklənməsi və təşviqi;
4.2.9. çayçılıqda kooperasiyanın inkişaf etdirilməsinin təşviqi.
5. Çayçılığın inkişafının əsas istiqamətləri5.0.
Azərbaycanda çayçılığın inkişafı sahəsində qarşıya qoyulmuş məqsədlərə
nail olmaq üçün aşağıdakı istiqamətlərdə zəruri işlərin görülməsi
nəzərdə tutulur:
5.0.1. çay bitkisinin əkin sahələrinin
genişləndirilməsi və intensiv becərmə texnologiyalarının tətbiqi
hesabına çay istehsalının artırılması;
5.0.2. toxumçuluq və tinglik təsərrüfatlarının yaradılmasının dəstəklənməsi və maddi-texniki bazasının gücləndirilməsi;
5.0.3.
çayçılıq təsərrüfatları üçün əsas və köməkçi materiallar istehsalının
və digər infrastruktur təminatının yaxşılaşdırılması;
5.0.4. çay sahələrinin müasir becərmə texnikası ilə təminatının yaxşılaşdırılması;
5.0.5.
mövcud çay emalı müəssisələrinin fəaliyyətinin bərpası,
modernləşdirilməsi və mütərəqqi texnika və texnologiyalar əsasında yeni
çay emalı müəssisələrinin yaradılmasının təşviqi;
5.0.6. çay məhsulları üzrə idxalın əvəzlənməsi səviyyəsinin yüksəldilməsi.
6. Dövlət Proqramının maliyyələşmə mənbələri6.0. Dövlət Proqramında öz əksini tapmış tədbirlərin icrasının aşağıdakı mənbələr hesabına maliyyələşdirilməsi nəzərdə tutulur:
6.0.1. dövlət büdcəsi;
6.0.2. büdcədənkənar fondlar;
6.0.3.
Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu, "Azərbaycan
İnvestisiya Şirkəti” ASC, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin vəsaitləri;
6.0.4. yerli və xarici investisiyalar;
6.0.5. qanunvericiliklə qadağan olunmayan digər mənbələr.
7. Dövlət Proqramının icrasından gözlənilən nəticələr7.1.
Dövlət Proqramının həyata keçirilməsi Azərbaycanda çayçılıq
ənənələrinin inkişaf etdirilməsinə, rəqabətin qorunmasına, çaya olan
daxili tələbatın ödənilməsinə və idxaldan asılılığın azaldılmasına, çay
emalı məhsullarının ixracının və çayçılıqla bağlı digər sahələrin
inkişafına və çayçılıq rayonlarında əhalinin həyat şəraitinin
yaxşılaşdırılmasına təsir göstərməklə ölkənin ümumi aqrar potensialını
gücləndirəcəkdir.
7.2. Dövlət Proqramının icrası nəticəsində
2027-ci ilədək əkin sahələrinin 3000 hektara, yaşıl çay yarpağı
yığımının 8,5 min tona çatdırılması nəzərdə tutulur.