ATƏT-in Minsk qrupu
həmsədrlərinin Vyanada Nazirlər Şurasında iştirak edən nümayəndə
heyətlərinin rəhbərləri, Rusiya xarici işlər naziri Sergey Lavrov, ABŞ
dövlət katibi Reks Tillerson və Fransanın ATƏT yanında daimi nümayəndəsi
Veronika Roger Lacan birgə bəyanat yayıblar.
Bəyanatda deyilir ki, həmsədr ölkələr Helsinki Yekun Aktı və orada
göstərilən güc tətbiq etməmə, güc tətbiqi ilə təhdid etməmə, ərazi
bütövlüyü, bərabər hüquqluluq və xalqların öz müqəddəratını təyin etmə
prinsiplərini əsas götürərək Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün vasitəçilik missiyasında birgə mövgedən çıxış etdiklərini bir daha təsdiq edirlər.
"Biz
region xalqlarının həqiqətən barışması üçün yeganə yol olan münaqişənin
danışıqlar yolu ilə həllinə dair birgə öhdəliyimizi bir daha
təkrarlayırıq. Danışıqların oktyabrın 16-da Vyanada yüksək səviyyədə
bərpasını və ATƏT-in Minsk qrupu
həmsədrlərinin təşkilatçılığı ilə xarici işlər nazirlərinin dünənki
görüşünü alqışlayırıq. İntensiv dialoqdan razılığımızı ifadə edirik və
tərəfləri öz səylərini siyasi nizamlanmasının substantiv məsələlərində
güzəştli həllə kökləməyə çağırırıq. Hər hansı təxirəsalma vəziyyəti
yalnız çətinləşdirə və tərəflərin davamlı həllə nail olmaq
istiqamətindəki öhdəliklərini sual altına qoya bilər”, - deyə bəyanatda
vurğulanıb. (APA)