"Yol infrastrukturuna görə Azərbaycan indi dünya miqyasında qabaqcıl yerdədir"
XəzərXəbər-in
məlumatına görə, bunu avqustun 19-da
Samux-Füzuli-Lək-Əlibayramlı-Qarabağlar-Çobanabdallı-Samux avtomobil
yolunun açılışında iştirak edən Prezident İlham Əliyev rayon
ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.
Dövlətimizin başçısı qeyd edib: "Yenidən Samuxda olmağıma, sizi görməyimə, çox şadam. Bu, mənim Prezident
kimi Samux rayonuna üçüncü səfərimdir. Bu səfər çərçivəsində çox önəmli
açılışlar qeyd olunur. Onlardan biri bu kənd yolu layihəsidir. Bu
kəndlərdə yaşayan insanlar üçün bu yol uzun illər böyük bir problem idi.
Körpü yox idi, sel olanda gediş-gəliş çətinləşirdi. İndi 36 kilometr
uzunluğunda gözəl bir yol çəkilib. Bu, 11 yaşayış məntəqəsini
birləşdirən dairəvi yoldur. Bu yol sizə rahatlıq verəcək. Eyni zamanda,
bu yolun kənd təsərrüfatının inkişafı üçün də çox böyük əhəmiyyəti var".
İlham Əliyev
vurğulayıb ki, bu yolun tikintisinə dövlət tərəfindən böyük vəsait
ayrılıb: "Bu, sırf sosial layihədir. Çünki bu yolun çəkilişi, ilk
növbədə, insanların rahat hərəkəti üçün nəzərdə tutulub. Bundan sonra bu
yolla bağlı heç bir problem olmayacaq. Bu 11 kənddə 20 mindən çox insan
yaşayır. Mən sizi bu gözəl hadisə münasibətilə təbrik edirəm.
Onu da qeyd etməliyəm ki, bu gün ikinci yol layihəsi də açıldı. Bu da
Zazalı-İmamzadə yoludur. Orada da Samux rayonunun beş kəndi əhatə
olunur. Beləliklə, bu gün Samux rayonunun 16 kəndinə yol çəkilərək
istifadəyə verilib. Bu, doğrudan da çox əlamətdar hadisədir. Yol olan
yerdə inkişaf da olur. İndi həm sərmayə qoyuluşu, həm kənd
təsərrüfatının inkişafı yol infrastrukturuna bağlıdır. Çünki yol həm
insanlar üçün xidmət edir, gediş-gəliş asanlaşır, eyni zamanda, sizin
məhsulunuz da bazarlara tez bir zamanda çatdırılır, itki də olmur. Yol
kənd təsərrüfatı ilə məşğul olmaq üçün də əlavə imkanlar yaradır. Ona
görə, yol həm sosial, həm iqtisadi layihədir. Ölkəmizdə yol layihələrinə
çox böyük diqqət verilir. Demək olar ki, indi bütün magistral
yollarımızda ən müasir səviyyə yaradılıbdır. Bakıdan
Gəncəyə dördzolaqlı çox gözəl bir yol salınıbdır. İndi Gəncədən
Gürcüstan sərhədinə qədər ikizolaqlı yoldur, o da yaxşıdır. Amma biz onu
dörd zolağa genişləndirmək fikrindəyik".
Prezident bildirib ki, digər bölgələrdə də magistral yollara, cənub,
şimal istiqamətlərində şəhərlərarası yollara, kənd yollarına çox böyük
vəsait qoyulur: "Biz bunu ona görə edirik ki, insanlar bu imkanlardan
rahat istifadə etsinlər.
Bu il ölkəmizdə yüzlərlə kəndə yol çəkilir. Bu ümumi layihənin şərti adı
"Qırx yol” layihəsidir. Bu, qırx layihədən ibarətdir, amma hər bir
layihə bir neçə kəndi əhatə edir. Misal üçün, bir layihə 11 kəndi, digər
layihə isə beş kəndi əhatə edir. Yəni, "Qırx yol” layihəsi bir il
ərzində yüzlərlə kəndi əhatə edir. Gələn il biz daha da çox kəndi əhatə
edəcəyik. Beləliklə, ölkəmizdə bir dənə də olsun təmirsiz kənd yolu
qalmamalıdır. Magistral yolların layihələri demək olar ki, başa çatır,
şəhərlərarası yolların böyük hissəsi öz həllini tapıbdır. İndi
kəndlərarası yollar da salınır. Yol infrastrukturuna görə Azərbaycan indi dünya miqyasında qabaqcıl yerdədir".
Dövlət başçısı əlavə edib: "Bu gün mən, eyni zamanda, Şəmkir-Samux-Goranboy
su kanalının birinci mərhələsinin açılışını da qeyd etdim. Bu layihənin
də Samux rayonu, qonşu rayonlar üçün çox böyük əhəmiyyəti var. Mənə
verilən məlumata görə, vətəndaşlar bu layihənin icrası nəticəsində
minlərlə hektar torpağı əkib, becərirlər. On iki min hektar torpaq
sahəsinin su təminatı yaxşılaşıb. Bu vaxta qədər suvarılmayan
torpaqlarda indi su təminatı vardır. Bu, əlbəttə ki, kənd təsərrüfatının
inkişafına böyük təkan verib. Vaxtilə əkilməyən sahələrdə indi gözəl
işlər görülür. Mənə verilən məlumata görə, artıq boş torpaq qalmayıb.
Nəyə görə? Ona görə ki, su var. Su olmayanda heç kim əkib becərmir. Suyu
gətirmək üçün biz çox böyük işlər gördük. Şəmkirçay su anbarı tikilib.
Bu, tarixi layihədir. Biz onu bir neçə il bundan əvvəl istifadəyə
verdik. O layihəyə yüz milyonlarla manat vəsait qoyulubdur. İlkin
hesablamalara görə, o layihənin icrası nəticəsində təqribən 70-80 min
hektar torpaq sahəsinə suyun verilməsi və yaxşılaşdırılması nəzərdə
tutulurdu. Son məlumata görə, əlavə kanalların çəkilişi hesabına biz bu
rəqəmi 110 min hektara çatdıracağıq. Ona görə, Şəmkirdən Samuxa qədər
kanal çəkilib. Mən indi onun açılışını etdim. O kanalın çəkilişi davam
etdiriləcək, Goranboy və Göygöl
rayonlarının ərazisini əhatə edəcək. Beləliklə indi 100 min hektardan
çox torpaqda suvarma işləri təmin olunur. Kəndlilər, fermerlər,
sahibkarlar dərhal bundan istifadə edirlər, əkirlər, becərirlər, yaxşı
pul qazanırlar. Bu, bizim ərzaq təhlükəsizliyimizə də böyük töhfədir".
Azərbaycan Prezidenti qeyd edib ki, kənd təsərrüfatı bizim üçün
prioritet sahədir: "Bu gün biz Göygöl rayonunda regional toxumçuluq,
aqrokimya, baytarlıq laboratoriyasının açılışını etdik. Samux rayonunu
əhatə edən o laboratoriyanın da böyük əhəmiyyəti var. Süni Mayalanma
Mərkəzinin də açılışı oldu. Bu da heyvandarlığın inkişafına böyük töhfə
verəcək.
Bir sözlə, bu gün kənd təsərrüfatının sürətli inkişafı təmin edilir və
su layihələri orada birinci şərtdir. Onu da biz təmin edirik. Əminəm ki,
Samux rayonunda gələcəkdə də işlər yaxşı gedəcək. Bu günə qədər
sosial-iqtisadi layihələr icra edilmişdir. Mənə verilən məlumata görə,
30-dan çox məktəb tikilib, təmir edilmişdir. Elektrik enerjisi ilə
təminat yaxşılaşıb. İndi Samuxda qazlaşdırma 83 faizə çatıbdır. İçməli
su layihəsi də icra edilməlidir. Azərbaycan öz daxili imkanları hesabına
Samuxun içməli su layihəsini də təmin edəcək. Bu gün müvafiq
göstərişlər verilmişdir. Bilirəm ki, bu, Samuxda problemdir. İçməli su
layihəsi də tezliklə öz həllini tapmalıdır. Beləliklə, infrastruktur,
kənd təsərrüfatı, suvarma layihələri, sosial obyektlər, iş yerləri
hesabına rayonun kompleks şəkildə inkişafı təmin ediləcək. İndi kənd
təsərrüfatında sürətli inkişaf gedir və bunun nəticəsidir ki, kənddə
demək olar iş axtaran yoxdur. Yəni, işləmək istəyən iş tapır. İndi
işçilərə verilən vəsaitin həcmi də artır. Yəni, əvvəllər müəyyən məbləğə
razı olurdularsa, indi daha da böyük rəqəm tələb edilir. Bu da
yaxşıdır. Vətəndaşlar nə qədər çox pul qazansa o qədər yaxşıdır.
Sahibkarlar onsuz da pul qazanacaqlar. Onlar pul qazanmasa
işləməyəcəklər. Onlar üçün artıqlaması ilə şərait yaradılıb - həm dövlət
dəstəyi, kreditlər, bax, bu layihələr, su layihələri. Ona görə, əsas
məsələ ondadır ki, kəndlilər, muzdla işləyənlər yaxşı maaş alsınlar,
onların gündəlik əməkhaqqı tələbatlarını tam ödəsin. Biz görürük ki, bu
sahədə də böyük artım var. İndi kənd təsərrüfatının inkişafı elə geniş
vüsət alıb ki, bu sahə ilə məşğul olmaq istəyənlərin sayı artır. Biz də
şərait yaradırıq. Bax, bu yol, su kanalı və digər layihələr bunun bariz
təzahürüdür"