Bu gün Azərbaycan Prezidenti İlham
Əliyev Kənd Təsərrüfatı Nazirliyinin Göygöl Rayon İdarəsinin
inzibati-laboratoriya binasında və zona baytarlıq laboratoriyasında
yaradılan şəraitlə tanış olub.
Dövlət başçısı Kənd Təsərrüfatı Nazirliyinin Göygöl Rayon İdarəsinin inzibati-laboratoriya binasının rəmzi açılışını bildirən lenti kəsib. Kənd təsərrüfatı naziri Heydər Əsədov Prezident İlham Əliyevə elektron kənd təsərrüfatı sistemi barədə məlumat verib.
Dövlətimizin başçısı görüşdə çıxış edib. Prezident çıxışında deyib:
-Yenidən Göygöl rayonunda olmağımdan çox məmnunam. Bu, mənim Prezident
kimi rayona dördüncü səfərimdir. Göygöl rayonunda işlər yaxşı gedir,
sosial-iqtisadi inkişaf təmin olunur, rayonun inkişafına böyük diqqət
göstərilir. Əvvəlki illərdə bir çox önəmli sosial, iqtisadi məsələlər öz
həllini tapıbdır. İnfrastruktur layihələri uğurla icra edilir, sosial
obyektlər tikilir. Bir neçə il bundan əvvəl 150 çarpayılıq rayon mərkəzi
xəstəxanası, Olimpiya İdman Kompleksi, kənd yolları, sənaye obyektləri
açılmışdır. Bir sözlə, rayonun inkişafı üçün bütün lazımi tədbirlər
görülür. Mənə verilən son məlumata görə, Göygöl rayonunda qazlaşdırma
təxminən 70 faizə yaxındır, bu iş davam edir və davam etməlidir, daha
çox kəndə qaz xətləri çəkilməlidir. Elektrik enerjisi ilə bağlı
problemlər öz həllini tapır. Bu gün biz 3 meqavat gücündə yeni su
elektrik stansiyasının açılışını qeyd etdik. Kənd yollarının tikintisi
davam etdiriləcək. Artıq bir neçə layihə icra edilib, növbəti illərdə
qalan kəndlərdə də yollar salınacaq, xüsusilə Göygöl gölünə gedən yol
əsaslı təmir olunmalıdır. Bu məqsədlər üçün lazımi vəsait yaxın
gələcəkdə ayrılacaqdır.
Rayonun sosial-iqtisadi inkişafı əslində onu göstərir ki, ölkəmiz uğurla
inkişaf edir. Çünki regionların sosial-iqtisadi inkişafı Dövlət
Proqramının icrası nəticəsində bu gün biz bütün rayonlarda inkişaf,
tərəqqi görürük, insanların işlə təmin olunması məsələsi öz həllini
tapır, işsizlik çox aşağı səviyyədədir. Son illərdə görülən tədbirlər
nəticəsində işsizliklə bağlı daha da önəmli addımlar atılır və
insanların məşğulluğu artır. Göygöldə iyirmidən çox yeni məktəb tikilib,
iyirmidən artıq məktəb əsaslı təmir olunub. Yəni, hərtərəfli inkişaf
təmin edilir və əlbəttə, biz gələcək illərdə növbəti addımlar atmalıyıq
ki, inkişaf dayanıqlı olsun.
Bu gün biz Göygöl rayonunda respublika əhəmiyyətli iki obyektin
açılışını qeyd edirik. Bu, kənd təsərrüfatı laboratoriyası və Süni
Mayalanma Mərkəzidir. Bu laboratoriyanın və Süni Mayalanma Mərkəzinin
kənd təsərrüfatının inkişafı üçün çox böyük əhəmiyyəti var. Mənə indi
göstərilən avadanlıq, imkanlar deməyə əsas verir ki, biz yeni yanaşma
ilə kənd təsərrüfatında məhsuldarlığın artımına nail olacağıq. Çünki
qarşımızda duran əsas vəzifə mövcud torpaq fondundan istifadə edərək
məhsuldarlığı artırmaqdan ibarətdir. Buradakı toxumçuluq, baytarlıq,
aqrokimya laboratoriyaları bu məqsədə çatmaq üçün bizə imkan yaradacaq.
Çünki fermerlər, iş adamları, kəndlilər artıq biləcəklər ki, hansı
toxumdan istifadə etmək lazımdır, hansı aqrotexniki tədbirlər
görülməlidir, hansı torpaq sahəsində hansı gübrələrdən istifadə
olunmalıdır. Ərzaq təhlükəsizliyi məsələləri də bu laboratoriyalar
vasitəsilə təmin ediləcəkdir. Belə laboratoriyalar 12 bölgədə yaradılır.
Bu, əslində kənd təsərrüfatının inkişafında növbəti mərhələnin
başlanğıcıdır, dönüş nöqtəsidir. Çünki bundan sonra Azərbaycanda
kənd təsərrüfatı elmi əsaslarla inkişaf edəcək və beləliklə, biz
məhsuldarlığın artımına nail olacağıq. Çünki Azərbaycanın ərazisi,
əlbəttə, imkan vermir ki, biz böyük həcmdə yeni əkin sahələrini
dövriyyəyə cəlb edək. Halbuki biz bunu edirik, xüsusilə meliorativ
tədbirlər nəticəsində.
Son illər ərzində görülmüş işlər - Şəmkirçay,
Taxtakörpü su anbarlarının, kanalların yaradılması və digər meliorativ
tədbirlər nəticəsində on minlərlə hektar yeni torpaq sahəsi əkinə cəlb
edilibdir. Yəni, bu il bizim məqsədimiz ondan ibarətdir ki, 100 min
hektardan çox yeni əkin sahələrini su ilə təmin edək. Yeni suvarma
sistemləri də tətbiq edilir, o cümlədən bu bölgədə. Bu işləri görəndən
sonra biz kənd təsərrüfatını ancaq məhsuldarlığın artımı hesabına
inkişaf etdirə bilərik. Bu laboratoriya bu imkanı bizə yaradır.
Eyni zamanda, Süni Mayalanma Mərkəzinin istifadəyə verilməsi də
heyvandarlıqda ciddi artıma gətirib çıxaracaq. Çünki bu, ölkəmizdə
yeganə mərkəzdir və ölkə əhəmiyyətli bir mərkəzdir. Mənim təşəbbüsümlə
bir neçə il ərzində xaricdən cins inəklər gətirilir. Avropa
ölkələrindən artıq minlərlə inək gətirilibdir. Bu proqram hesabına
Azərbaycanda bir çox yeni heyvandarlıq mərkəzləri, fermalar
yaradılıbdır. Bu proses davam etdirilir. Hazırda bir çox yeni
heyvandarlıq kompleksləri yaradılır. Əlbəttə ki, biz növbəti illərdə də
xaricdən cins mal-qara alacağıq. Eyni zamanda, yerli cinsi
yaxşılaşdırmaq, xaricdən asılılığı azaltmaq üçün Süni Mayalanma
Mərkəzinin yaradılması artıq öz həllini tapıbdır.
Əminəm ki, bu mərkəzin fəaliyyəti nəticəsində bir neçə il ərzində
Azərbaycanda mal-qaranın cinsi tədricən yaxşılaşacaq. Beləliklə,
məhsuldarlıq yüksələcək, südçülük inkişaf etdiriləcək və ət istehsalı da
artacaq. Hazırda biz həm ət, həm də süd ixrac edirik. Hesab edirəm ki,
bu da tarixi nailiyyətdir. Çünki əvvəlki illərdə biz idxaldan çox asılı
idik. İndi biz bu asılılığı aradan götürürük. Düzdür, biz özümüzü süd
məhsulları ilə tam təmin etmirik, idxal da edirik, amma ixraca da
başlamışıq. Bizim məhsulumuz çox keyfiyyətlidir və xarici bazarlarda
yüksək qiymətləndirilir. Amma biz elə etməliyik ki, özümüzü süd
məhsulları ilə tam təmin edək və ixrac potensialımızı da artıraq. Süni
Mayalanma Mərkəzinin fəaliyyəti nəticəsində biz bir neçə il ərzində buna
nail olacağıq. Çünki hazırda kənd təsərrüfatı bizim üçün prioritet
sahədir. Son illər ərzində kənd təsərrüfatı sahəsində çox böyük işlər
görülübdür. Həm bitkiçilikdə, həm heyvandarlıqda, ümumiyyətlə, kənd
təsərrüfatında artım təmin edilir. Bu ilin altı ayında kənd təsərrüfatı
məhsullarının ixracı 40 faiz artmışdır. Bu, görülən işlər nəticəsində
mümkün olub. Hazırda 40-a yaxın yeni aqropark yaradılır. Əlbəttə, biz bu
aqroparkların fəaliyyəti nəticəsində istehsalı artıracağıq.
İndi bölgələrdə işsizliklə bağlı problem demək olar ki, aradan
qaldırılır. Bizim üçün ənənəvi olan kənd təsərrüfatı sahələri bərpa
edilir, dirçəldilir. Pambıqçılıq. Son iki il ərzində biz pambıqçılığı
demək olar ki, 10 dəfəyə yaxın artırmışıq. İndi minlərlə, on minlərlə
insan işləyir və əməkhaqqı alır. Biz tütünçülüyü də, ipəkçiliyi də bərpa
edirik.
Bizim kənd təsərrüfatı məhsullarımızın ixrac potensialı çoxşaxəlidir.
Bu, bizim böyük xoşbəxtliyimizdir. Çünki bizim 9 iqlim zonamız var.
Bizdə həm meyvə-tərəvəz, həm tütün, pambıq, üzüm, spirtli içkilər,
fındıq, badam, çay, sitrus meyvələri, yəni, hər şey var. Sadəcə olaraq
gərək biz bu təbii imkanlardan düzgün istifadə edək, istifadə edirik və
son illərdə kənd təsərrüfatı sahəsində çox böyük inkişaf var. Biz indi
ənənəvi sahələri bərpa etməklə daha da böyük potensial yaradacağıq.
Bir daha deyirəm ki, biz bu sahəni bundan sonra ancaq elmi biliklər
əsasında inkişaf etdirməliyik. Dövlət öz üzərinə düşən bütün vəzifələri
yerinə yetirir, bütün bölgələrdə belə gözəl laboratoriyalar, mərkəzlər
yaradılır, fermerlərə subsidiyalar, güzəştli şərtlərlə gübrələr, yanacaq
verilir, texnika alınır. Bu il Azərbaycana on min texnika gətirilib və
gətiriləcək. Fermerlər, sahibkarlar, kəndlilər bu imkanlardan istifadə
etməlidirlər. Bu, ilk növbədə, onlar üçün lazımdır, çünki məhsuldarlıq
iki dəfə arta bilər. Bu, həm də dövlət üçün lazımdır.
Ona görə bu gün xüsusi əhəmiyyətə malikdir. Bu gün Göygöl rayonunda
respublika əhəmiyyətli iki müəssisənin açılışı çox əlamətdar hadisədir.
Sizi bu hadisə münasibətilə təbrik edirəm və sizə yeni uğurlar
arzulayıram.