Hal-hazırda ali təhsil
müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil
bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ixtisas
seçimi davam edir. İxtisas seçimi elektron qaydada internet vasitəsilə
aparılır və avqustun 20-dək davam edəcək.
Dövlət İmtahan Mərkəzindən (DİM)
XəzərXəbər-ə verilən məlumata görə, ixtisas seçimi mərhələsində abituriyentlər qəbul
olmaq istədikləri ixtisasların kodlarını seçib "Abituriyentin elektron
ixtisas seçimi ərizəsi”nə daxil etməklə onu təsdiqləməlidirlər.
"Abituriyentlər bu zaman diqqətli olmalı və yalnız gələcəkdə təhsil
almağı planlaşdırdıqları ixtisası və ya ixtisasları istəklərinin
azalması ardıcıllığı ilə ərizələrinə daxil etməlidirlər. Elektron
ixtisas seçimi ərizəsinin doldurulma qaydası çox sadədir və sizin özünüz
tərəfindən yerinə yetirilməlidir.
Təəssüf ki, sosial şəbəkələrdə DİM-in abituriyentlərə kömək məqsədi ilə
nəşr etdiyi müxtəlif materialları öz səhifələrində paylaşmaqla, Mərkəzin
adından süni şəkildə istifadə edən "sabun köpüyü kimi şişmiş
ekspertlər” özlərini reklam edir və elə təəssürat yaratmağa çalışırlar
ki, sanki onlar əlavə bir informasiyaya malikdirlər. Həmin şəxslər
ixtisas seçiminin həyata keçirilməsi üçün abituriyentlərə müxtəlif
çağırışlar edirlər. Bu insanların toruna düşmüş abituriyentlər sonradan
seçimlərinin dəyişdirilməsi ilə bağlı DİM-ə müraciətlər edirlər. Çünki
bu iş həmin "ekspert”lər tərəfindən abituriyentin və onun
valideynlərinin fikri nəzərə alınmadan "tələm-tələsik”, "yola vermək” və
yalnız müəyyən maddi məqsədlərlə edilir".
DİM abituriyentləri məsuliyyətli və diqqətli olmağa çağırır: "Ali təhsil
müəssisələrinin boş qalan yerlərinin siyahısı "Abituriyent” jurnalının 8
saylı, tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin
ixtisasları isə jurnalın 5 saylı buraxılışında dərc olunub. Jurnallarda,
həmçinin müsabiqə şərtləri və ərizənin doldurulma qaydası ilə bağlı
məlumatlar yer alıb. Bundan əlavə, səhifəmizdə və saytımızda ərizənin
doldurulma qaydası ilə bağlı video-təlimat da yerləşdirilib".