Azərbaycanın müdafiə naziri,
general-polkovnik Zakir Həsənov 26 iyun - Silahlı Qüvvələr Günü və
Ramazan bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik
edib.
XəzərXəbər xəbər verir ki, nazirin təbrikində deyilir:
-Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər və matroslar!
Sizi 26 iyun - Silahlı Qüvvələr
Günü və müqəddəs Ramazan bayramı münasibəti ilə təbrik edir, Vətən
naminə müqəddəs və şərəfli xidmətinizdə hər birinizə uğurlar
arzulayıram.
İnsanlara mənəvi paklıq, təmizlik, mərhəmət, halallıq kimi ən yüksək
əxlaqi hisslər aşılayan Ramazan bayramının yüksək səviyyədə qeyd
olunması xalqımızın milli-mənəvi dəyərlərə verdiyi böyük dəyərin bariz
nümunəsidir.
Silahlı Qüvvələrimiz 99-cu ildönümünü böyük ruh yüksəkliyi ilə, döyüş və
mənəvi-psixoloji hazırlıqda qazandığı nailiyyətlərlə qeyd edir.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin digər sahələrlə yanaşı, ordu
quruculuğu sahəsində də apardığı siyasət Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilir.
Ali Baş Komandanımızın qeyd etdiyi kimi, Azərbaycan
Ordusunun peşəkarlığı, döyüş qabiliyyəti artır, Azərbaycanın əsgər,
gizir və zabitləri Vətənə ləyaqətlə xidmət edirlər, öz Vətəninə
sadiqdirlər. Bizim bütün hərbi hissələrimizdə, xüsusilə də cəbhədə
yerləşən hərbi hissələrdə ruh yüksəkliyi var və Azərbaycan əsgərinin
vətənpərvərlik hissləri çox yüksəkdir, möhkəmdir. Azərbaycan Ordusunun
maddi-texniki təchizatı ən yüksək səviyyədədir.
İstənilən iqlim şəraitində keçirilən genişmiqyaslı taktiki təlimlərdə
şəxsi heyət öz peşəkarlığını, yüksək döyüş qabiliyyətini nümayiş
etdirir, Vətən qarşısında vəzifə borcunu şərəf və vicdanla yerinə
yetirir. Xalq öz ordusuna inanır, gücünə güvənir. Şəhid ailələri,
müharibə veteran və əlilləri, eləcə də hər bir hərbi qulluqçu ölkə
rəhbərliyinin daim diqqət və qayğısı ilə əhatə olunub. İnanıram ki, bu
sizi sevindirməklə yanaşı, məsuliyyətinizi daha da artırır.
Ordumuz əvvəllər olduğu kimi 2016-cı ilin aprel ayında da düşmən
təxribatlarının qarşısını layiqincə aldı. Azərbaycan əsgəri doğma
torpaqlarını azad etməyə qadir olduğunu, Vətən uğrunda son damla
qanınadək vuruşmağı bacardığını və düşməndən üstün olduğunu bütün
dünyaya sübut etdi.
Bu əziz gündə şəhidlərimizin xatirəsini hörmət və ehtiramla yad edir,
onların valideynlərini, ailələrini, Vətən uğrunda sağlamlıqlarını itirən
döyüşçülərimizi, veteranları bayram münasibətilə təbrik edir, onlara
cansağlığı, xoşbəxtlik, ailə səadəti və uğurlar arzulayıram.
Əmin olduğumu bildirirəm ki, Azərbaycan Ordusunun şəxsi heyəti bundan
sonra da xalqımızın və dövlətimizin etimadını şərəflə doğruldacaq, hərbi
intizamını artıracaq, döyüş və mənəvi-psixoloji hazırlığını
yüksəldəcək, qazandığı uğur və nailiyyətlərlə xalqımızı sevindirəcək və
tezliklə işğal altında olan əzəli və əbədi torpaqlarımızın azad
edilməsinə nail olacaqdır.
Hər birinizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və şərəfli xidmətinizdə müvəffəqiyyətlər arzulayıram.