Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev mayın 2-də Cibuti Respublikası Milli
Assambleyasının sədri Mohamed Əli Humədin başçılıq etdiyi nümayəndə
heyətini qəbul edib.
XəzərXəbər xəbər verir ki, dövlətimizin başçısı Cibuti Respublikası Milli
Assambleyasının sədri Mohamed Əli Humədin başçılıq etdiyi nümayəndə
heyətinin ölkəmizə səfərinin Azərbaycan-Cibuti əlaqələrinin inkişafında
mühüm rol oynayacağına və səfər zamanı əməkdaşlığımızın müxtəlif
aspektlərinin geniş müzakirə olunacağına əminliyini ifadə etdi.
İkitərəfli əlaqələrimizin çox möhkəm olduğunu və son illər ərzində daha
da inkişaf etdiyini vurğulayan Prezident İlham Əliyev dedi ki,
Azərbaycan Cibuti ilə bu əlaqələrin müxtəlif sahələrdə
genişləndirilməsində maraqlıdır. Cibuti parlamentinin Xocalı faciəsinin
soyqırımı kimi tanınması ilə bağlı qəbul etdiyi qətnaməyə görə
minnətdarlığını bildirən dövlətimizin başçısı artıq dünyanın 10-dan çox
ölkəsinin parlamentləri tərəfindən Xocalı faciəsinin soyqırımı kimi
tanınması ilə bağlı qərar qəbul olunduğunu vurğuladı. Prezident İlham
Əliyev bildirdi ki, Cibuti parlamentinin qəbul etdiyi bu qətnamə həm
ədaləti əks etdirir, həm də ölkələrimiz arasındakı dostluq
münasibətlərinin göstəricisidir.
Dövlətimizin başçısı ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində
uğurlu əməkdaşlığının və bir-birini dəstəkləmələrinin önəmini qeyd etdi.
İqtisadi əməkdaşlığımıza toxunan Prezident İlham Əliyev son vaxtlar bu
istiqamətdə mühüm addımların atıldığını, ölkələrimiz arasında hava
nəqliyyatının yaradılmasının qarşılıqlı ticarətə müsbət təsir
göstərdiyini dedi. Azərbaycan-Cibuti ikitərəfli əlaqələrinin
gündəliyinin geniş olduğunu deyən Prezident İlham Əliyev
əməkdaşlığımızın gələcəkdə daha da möhkəmlənəcəyinə əminliyini bildirdi.
Milli Assambleyanın sədri Mohamed Əli Huməd Cibuti Respublikasının
Prezidenti İsmayıl Ömər Quellenin salamlarını dövlətimizin başçısına
çatdırdı. Mohamed Əli Huməd ölkəsinin Prezidentinin adından dedi ki,
əmin ola bilərsiniz, Cibuti Respublikası bundan sonra da bütün sahələrdə
və bütün səviyyələrdə Azərbaycanın tərəfində, yanında olacaq.
Qonaq bildirdi ki, ölkələrimiz arasında əlaqələrin son vaxtlar inkişaf
etməsinə baxmayaraq, əlaqələrimizin hazırkı səviyyəsi elə təəssürat
yaradır ki, münasibətlərimiz uzun tarixə malik və çoxdan başlanan
münasibətlərdir. Cibuti parlamentinin Xocalı faciəsinin soyqırımı kimi
tanınması ilə bağlı qəbul etdiyi qətnaməyə toxunan Mohamed Əli Huməd
parlamentdə bu qətnaməni tərəddüd etmədən qısa zamanda qəbul etdiklərini
və bu qərarla qürur duyduqlarını dedi. Ölkələrimizin bir-birinə ümumi
dini və mədəni tellərlə bağlı olduğunu deyən qonaq bu əlaqələrin daha da
möhkəmləndirilməsinin zəruriliyini vurğuladı.
Dövlətimizin başçısı Cibuti Respublikasının Prezidenti İsmayıl Ömər
Quellenin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını
Cibuti Respublikasının Prezidentinə çatdırmağı xahiş etdi.
Sonda xatirə şəkli çəkdirildi.