Xəzər Xəbər

Ermənistan müxalifəti delimitasiya ilə bağlı referendum keçirilməsini tələb edir

Dünya | 10:50 • 10 Aprel 2024
Ermənistan müxalifəti delimitasiya ilə bağlı referendum keçirilməsini tələb edir

Ermənistan müxalifəti Azərbaycanla sərhədin delimitasiyası və demarkasiyası ilə bağlı referendum keçirilməsini tələb edir.

Xezerxeber.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, aprelin 9-da parlamentdə sərhədlərin delimitasiyası ilə bağlı qapalı iclas kifayət qədər gərgin keçib.

Xarici işlər naziri Ararat Mirzoyan baş nazir Nikol Paşinyanın təklif etdiyi tezisləri inadla müdafiə edərək xüsusilə fəallıq nümayiş etdirib.

“Baş nazirin müavini Mger Qriqoryan daha konstruktiv olub. O qeyd edib ki, yenidən belə bir görüşdə iştirak etməyə hazırdır. Sərhədin delimitasiyası ilə bağlı işlərin nə vaxt başlayacağı və hansı xəritələrin əsas götürüləcəyi hələ dəqiq bilinmir”, - məlumatda qeyd olunub. İddia olunur ki, müxalifət referendum olmadan delimitasiya prosesinin reallaşmasına qarşı çıxıb.

Ermənistanın "Joqovurd" qəzeti də yazır ki, aprelin 9-da Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası məsələsi ilə bağlı Ermənistan parlamentinin qapalı iclası kifayət qədər qızğın keçib. 

Bu nəşrdə də qeyd edilib ki, xarici işlər naziri Ararat Mirzoyan baş nazir Nikol Paşinyanın təklif etdiyi tezisləri inadla müdafiə edib.

"Mirzoyan və Qriqoryanın cavablarından məlum olub ki, reallıqda Ermənistan hakimiyyəti sərhədin delimitasiyası ilə bağlı işlərin nə vaxt başlayacağı və hansı xəritələrin əsas götürüləcəyi hələ dəqiq bilmir", - nəşr yazır.

"Joqovurd"un xəbərinə görə, parlamentdə müxalifət tərəf bəyan edib ki, 1993-cü il sentyabrın 24-də yaradılmış təmas xətti delimitasiya və demarkasiya üçün əsas götürülməlidir.

"Bundan əlavə, müxalifət bəyan edib ki, heç bir halda heç bir ərazi referendum olmadan Azərbaycana verilməməlidir. Ararat Mirzoyan və Mher Qriqoryanın qaldırılan suallara cavabları qeyri-müəyyən olub", - "Joqovurd" qeyd edir.

Qeyd edək ki, aprelin 9-da Ermənistan Milli Assambleyasında müxalifətin təşəbbüsü ilə sərhədin delimitasiyası və demarkasiyası məsələlərinə həsr olunmuş qapalı iclas keçirilib. Əsas çıxış edənlər xarici işlər naziri A.Mirzoyan və M.Qriqoryan olub.

Xəbər lenti