Xəzər Xəbər

Ukrayna əks-hücumun dəqiq tarixi barədə ABŞ-yə məlumat verməyib

Dünya | 13:38 • 6 İyun 2023
Ukrayna əks-hücumun dəqiq tarixi barədə ABŞ-yə məlumat verməyib

Ukrayna əks-hücumun dəqiq tarixi barədə ABŞ-yə məlumat verməyib, lakin Vaşinqton hesab edir ki, gözlənilən hücum artıq başlayıb.

“The New York Times” qəzeti yazır ki, Kiyev Birləşmiş Ştatların hakimiyyət orqanlarına yalnız əks-hücumun zaman çərçivələrini təqdim edib və bazar günü həmin zaman aralığına daxildir.

ABŞ peyk görüntüləri vasitəsilə döyüş mövqelərində Ukrayna hərbçilərinin aktivliyini qeydə alıb. Amerikalı məmurların sözlərinə görə, Kiyev düşmən mövqelərini müəyyən etmək və Rusiya qüvvələrinin sayını öyrənmək üçün “kəşfiyyat döyüşü” aparır.

Ukrayna müdafiə nazirinin müavini Anna Malyar Kiyevin bəzi istiqamətlərdə hücum əməliyyatlarına başladığını, Baxmut istiqamətinin isə döyüş əməliyyatlarının episentri olduğunu bildirib.

İyunun 4-də Pentaqonun rəhbəri Lloyd Ostin jurnalistlərlə görüşündə Kiyevin əks-hücuma hazır olduğuna əminliyini ifadə etmişdi. Onun dediyinə görə, qərb ölkələri ümumilikdə Ukrayna Silahlı Qüvvələrinin 12 briqadasını döyüşə hazır vəziyyətə gətirib və müasir silahlarla təchiz edib.

Rubrikanın digər xəbərləri

Xəbər lenti