Xəzər Xəbər

Pandemiyanın episentrinə çevrilən Ukraynada xəstəxanalar dolub-daşır

Dünya | 16:40 • 6 Dekabr 2021
Pandemiyanın episentrinə çevrilən Ukraynada xəstəxanalar dolub-daşır
Ukraynada koronavirusa yoluxma halları artıb. Belə ki, çərşənbə axşamı günü xəstəlikdən rekord  ölüm halı (838) qeydə alınıb ki, bu da Rusiyadan sonra dünyada ikinci ən böyük göstəricidir. 
 
Kiyevdə COVID-19-a yoluxanların əksəriyyəti 4 saylı xəstəxanada həyatları uğrunda mübarizə aparır. 
 
Oksigen aparatlarının səsi və öskürək səsləri hər yerdədir. Buna baxmayaraq, ümidlər də ölmür. Sergey Rudenko adlı şəxs "Euronews”a açıqlamasında artıq bir aya yaxındır ki, xəstəxanada müalicə aldığını deyib. 
 
"Hazırda daha yaxşıyam", deyə bildirən 41 yaşlı Rudenkonun cümlələrini tez-tez öskürək kəsir: "Düşünürəm ki, məni yalnız ölüm qorxusu yaşatdı. Nəfəs almaq üçün əlimdən gələni edirdim. Ağrıdan və qorxudan xilas olmaq üçün sadəcə yatırdım. Üç gün, ümumiyyətlə, ayağa qalxmadım”. 
 
Koronavirus əleyhinə peyvənd vurdurmayan Rudenko buna görə peşman olduğunu da əlavə edib: 
 
"İnsanlara "əgər peyvənd olunsan, sənin üçün daha asan olacaq və bu dəhşətdən xilas olacaqsan", deyilmir. Mən artıq xəstəyəm və bunun necə hiss olduğunu bilirəm. Əvvəllər bilsəydim, peyvənd olunardım. Amma indi bunun üçün heç nə edə bilmərəm. Hər gün ailəmdən dəstək mesajları alıram, zamanımı evə getməyi xəyal edərək keçirirəm”.
 
4 saylı xəstəxananın 30 yaşlı həkimi Anita Qod ötən ilə nisbətən, bu ilki xəstələrin daha şiddətli əlamətlər göstərdiyini açıqlayıb: 
 
"Buradakı xəstələrin heç biri peyvəndli deyil. Bir doza qəbul edən cütlüyümüz var idi, hazırda daha yaxşıdırlar. Yəni vaksin vurduran zaman virusa yoluxma halı olsa da, daha yüngül keçirmə ehtimalı artır. Təəssüf ki, gənclər də bu xəstəlikdən əziyyət çəkənlər sırasındadır. İndi onların da ölüm hallarının şahidi oluruq”.
 
Digər tərəfdən, Ukraynada COVID-19-a yoluxma hallarını nəzarətə almaq üçün, peyvənd vurdurmayan şəxsləri hədəf alan yerli karantina qaydaları tətbil edilib. Belə ki, Kiyevdə vaksin olunmayan şəxslərin ictimai nəqliyyat vasitələrindən istifadəsinə və restoranlaea girişinə qadağa qoyulub.
 
Ukrayna səhiyyə nazirinin müavini İqor Kuzin hazırda ölkədə mürəkkəb epidemioloji vəziyyətin hökm sürdüyünü söyləyib: 
 
"Biz bunu inkar etmirik. Amma Ukraynada son bir həftədə stabilləşmə əlamətləri də var”. Ümumi vəziyyətin kritik olaraq qaldığını etiraf edən qurum rəsmisi, ciddi karantin rejiminin pandemiyanın nəzarət altına alınmasında mühüm rol oynadığını da vurğulayıb. Onun sözlərinə görə, növbəti addım daha çox insanı peyvənd etməkdir: 
 
"Biz ilin sonuna qədər 15 milyon insanı tam peyvənd etmək istəyirik. Bu, təxminən əhalinin 70 faizini təşkil edir”./Sfera.az

Rubrikanın digər xəbərləri

Xəbər lenti