Xəzər Xəbər

Bu ölkələrdə koronavirus əleyhinə vaksinasiya başlamayıb - ÜST açıqladı

Dünya | 17:34 • 14 Oktyabr 2021
Bu ölkələrdə koronavirus əleyhinə vaksinasiya başlamayıb - ÜST açıqladı

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Qebreyesus Cenevrədə keçirdiyi brifinqdə yeni patogenlərin mənşəyi məsələsi üzrə qrupun (SAGO) tərkibini açıqlayıb. Qrupun tərkibinə dünyanın hər yerindən 26 ekspertin daxil edilməsi təklif olunur.

BMT-nin xəbərlər xidməti xəbər yayıb ki, Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri COVID-19 pandemıyasının davam etdiyini və həftədə 50 min insanın həlak olmasına səbəb olduğunu xatırladıb.

Doktor Tedrosun sözlərinə görə, son zamanlarda, bütün dünyada ümumilikdə COVID-19-dan ölüm hallarının sayı azalmaqdadır. İndi ölüm halları son il ərzində ən aşağı səviyyədədir, baxmayaraq ki, hələ də qəbuledilməz dərəcədə yüksəkdir. Ölüm hallarının həqiqi sayı daha yüksək olduğu da mümkündür. Eyni zamanda, xəstəliyin və ölüm hallarının yeni dalğası ilə üzləşən Avropa istisna olmaqla, bütün bölgələrdə ölüm nisbəti azalmaqdadır.

ÜST rəhbəri deyib ki, koronavirus səbəbi ilə ən yüksək ölüm nisbəti vaksinasiyanın aşağı səviyyədə olduğu ölkələrdə müşahidə edilir. Bu günə qədər dünyanın 56 ölkəsi bu ilin sentyabr ayının sonuna qədər əhalinin 10 faizinin vaksinasiya olunması hədəfinə çata bilməyib. Onların əksəriyyəti Afrika ölkələridir. Ehtimal olunur ki, sayca bundan daha çox ölkə ikinci hədəfi - ilin sonuna qədər əhalinin 40 faizinin vaksinasiya olunmasını yerinə yetirə bilməyəcəklər. Burundi, Eritreya və KXDR kimi ölkələr ümumiyyətlə immunizasiya kampaniyasına start verməyiblər.

ÜST rəhbəri əmindir ki, bu məsələdə qlobal əməkdaşlığın gücləndirilməsi çox vacibdir. O, bir daha zəngin ölkələri gücləndirici dozalardan istifadə etməyə tələsməməyə və inkişaf etməkdə olan ölkələrə əhalinin ən həssas qruplarını peyvənd etməkdə yardımçı olmağa çağırıb.

ÜST rəhbəri yeni patogenlərin mənşəyini öyrənməklə məşğul olacaq qrupa (SAGO) seçilmiş ekspertlər barədə açıqlama verib. Onun tərkibinə 26 ekspert daxil olacaq. Onlar 700 namizəd arasından seçiliblər. Bu qrup araşdırmaların sürətli aparılmasına yardım edəcək. (AZƏRTAC)

Xəbər lenti