Xəzər Xəbər

Hindistanda koronavirusun üçüncü dalğası gözlənilir

Dünya | 14:55 • 6 May 2021
Hindistanda koronavirusun üçüncü dalğası gözlənilir

Hindistanda koronavirusun Hind ştamının yüksək dövriyyə səviyyəsi səbəbindən COVID-19 infeksiyasının üçüncü dalğasından yayınmaq mümkün olmayacaq.

“The Indian Express” qəzeti xəbər verir ki, bu barədə Hindistan Baş nazirinin əsas elmi müşaviri Vidcay Raqhavan bildirib.

“Hindistan koronavirus epidemiyasının üçüncü dalğası ilə qarşılaşa bilər. Lakin bunun dəqiq vaxtını proqnozlaşdırmaq çətindir. Ölkədə kütləvi yoluxmalara səbəb olan yeni ştam qorunma tədbirlərinə daha dözümlüdür və mübarizədə yeni yanaşma tələb edir. Hindistanda ilk dalğadan yaranan immunitet geniş yayılmadığı və sayıqlıq itirildiyi üçün ölkədə koronavirusun ikinci dalğası başladı”, - deyə Vidcay Raqhavan vurğulayıb.

Onun sözlərinə görə, üçüncü dalğanın dəf edilməsi üçün Hindistanda epidemioloji nəzarət gücləndirilməli, mövcud peyvəndlər modernizə olunmalı və sosial təhlükəsizlik normalarına riayət edilməlidir.

Qeyd edək ki, Hindistan koronavirusa yoluxan xəstələrin sayına görə dünyada ABŞ-dan sonra ikinci, infeksiya səbəbindən ölənlərin sayına görə isə ABŞ və Braziliyadan sonra üçüncü yerdə qərarlaşıb. Son günlər dünya üzrə qeydə alınan yeni yoluxmaların təxminən yarısı onun payına düşür./Azərtac

Xəbər lenti