Xəzər Xəbər

Türkiyədə ermənilərin müharibə cinayətlərini araşdırmaq məqsədilə beynəlxalq komissiya yaradılıb

Dünya | 18:31 • 4 May 2021
Türkiyədə ermənilərin müharibə cinayətlərini araşdırmaq məqsədilə beynəlxalq komissiya yaradılıb

Ermənilərin müharibə cinayətlərinin araşdırılması məqsədilə Türkiyədə beynəlxalq komissiya yaradılıb. Komissiyaya bir sıra ölkələrin sabiq baş nazirləri, dövlət xadimlər, siyasət, elm və sənət adamları, rektorlar, jurnalistlər, ekspert və yazıçılar, münaqişələrin araşdırılması üzrə mütəxəssislər, QHT fəalları daxildir.

AZƏRTAC xəbər verir ki, Dünya Türk Yazarlar Birliyinin sədri Salih Kurt və İslam Ölkələri Alimlər Birliyinin baş direktoru, professor Bayram Altanın təşəbbüsü ilə yaradılmış komissiya ermənilərin müharibə cinayətləri ilə bağlı araşdırmalar həyata keçirəcək.

Komissiya sədrinin müavini Bayram Altan bildirib ki, 124 nəfərdən ibarət komissiyada Türkiyə və Azərbaycanla yanaşı, ABŞ, Kanada, İngiltərə, Almaniya, Belçika, İsrail, Rusiya, İran da daxil olmaqla, Avropa, Asiya, Amerika və Afrikadan 34 ölkə təmsil olunur. Komissiyanın tərkibinə AZƏRTAC-ın Türkiyə bürosunun rəhbəri Sabir Hacıyev də daxildir. Təşkilati işlər başa çatandan sonra komissiyanın Ankarada ilk iclası keçiriləcək.

Bayram Altan deyib: “Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Vətən savaşında qazandığı Qələbə Azərbaycan və Türkiyə üçün tarixi əhəmiyyətə malikdir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət!” kəlamına uyğun olaraq bütün məsələlərdə, eləcə də ermənilərin müharibə cinayətlərinin araşdırılmasında birgə hərəkət etməliyik. Türk xalqı heç zaman “soyqırımı” törətməyib. Bəşəriyyətə qarşı əsl soyqırımını ermənilər Xocalıda törədiblər. Azərbaycanın Vətən müharibəsi günlərində Gəncə və Bərdənin qadağan olunmuş raketlərlə vurulması buna yeni bir əyani sübutdur. Bu məsələləri kompleks şəkildə araşdırmaq tarixi missiyadır”.

Komissiyanın yüksəksəviyyəli tərkibini mühüm amil kimi dəyərləndirən professor Bayram Altan əminliklə bildirib ki, komissiya ermənilərin müharibə cinayətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması, erməni yalanlarının ifşa edilməsi istiqamətində mühüm addımlar atacaq.

Qeyd edək ki, daimi fəaliyyət göstərməyi hədəfləyən komissiyanın məqsədi ermənilərin əsassız türk düşmənçiliyinin bütün istiqamətlərini araşdırıb sistemli şəkildə dünya ictimaiyyətinə çatdırmaqdır.

Rubrikanın digər xəbərləri

Xəbər lenti