Xəzər Xəbər

İstanbulda böyük əməliyyat: girov saxlanılan 101 əcnəbi azad edilib, tutulanlar var

Dünya | 19:48 • 13 Mart 2021
İstanbulda böyük əməliyyat: girov saxlanılan 101 əcnəbi azad edilib, tutulanlar var

İstanbulun Silivri və Böyükçekmece rayonlarında icarəyə götürülən doqquz villada girov saxlanılan 101 əcnəbi vətəndaş azad edilib. Onların 95-i Çin, 4-ü Qazaxıstan, 2-si isə Türkmənistan vətəndaşıdır. Həmin şəxslərin kompüter mühəndisi və proqramçı olduqları müəyyənləşdirilib.

Onların bu villalarda “Çağrı mərkəzi” quraraq Çində yaşayan insanlara saxta kriptovalyuta satmaqda şübhəli bilinən 18 nəfər Çin vətəndaşı tərəfindən gətirilərək girov saxlanıldıqları bildirilir. Girovların azad edilməsi istiqamətində 100-dək polis əməkdaşının iştirakı ilə keçirilən əməliyyat zamanı saxlanılan 18 nəfərdən 6-sı barəsində həbs qətimkan tədbiri seçilib.

Əməliyyat iki çinlinin saxlanıldıqları villadan qaçaraq Çinin İstanbuldakı baş konsulluğuna sığınmasından sonra hüquq-mühafizə orqanlarına verilən məlumat əsasında həyata keçirilib. Villalarda axtarış aparılan zaman çoxlu sayda telefon və maddi vəsait aşkarlanaraq müsadirə edilib.

Girov saxlanılan şəxslər ölkələrinə geri göndərilmələri üçün aidiyyəti qurumlara təhvil veriliblər.

Xəbər lenti