Xəzər Xəbər

Avropa zəhərli tırtılların hücumuna məruz qalıb

Dünya | 21:21 • 8 İyul 2019
Avropa zəhərli tırtılların hücumuna məruz qalıb

Almaniya, Hollandiya və Avropanın digər ölkələri palıd ağaclarının yarpaqları ilə qidalanan köçəri kəpənəklərin zəhərli tırtıllarına qarşı mübarizə aparırlar. AZƏRTAC BBC-yə istinadla bildirir ki, tırtılların bədənindəki tükcüklər insan üçün zəhərlidir, allergiyaya və ya dərinin qıcıqlanmasına səbəb olur.


Ötən qış və yaz mövsümü Avropada isti keçdiyinə görə tırtılların sayı xeyli artıb.


Bu tırtıllar iyulun sonuna kimi insan üçün tamamilə zərərsiz olan kəpənəklərə çevriləcək.


Belçikanın Luven şəhərində rok konsertindən əvvəl yanğınsöndürənlər bu zəhərli həşəratların yuvasını məhv ediblər.


Tırtılların hücumu xüsusən Almaniyada. əhalinin sıx yaşadığı Rur regionunda hiss olunur. Mütəxəssislərin palıd tırtıllarını məhv etməsi üçün Rurda bəzi məktəb və parklar bağlanıb.


İki-üç santimetr uzunluğunda olan tırtıllar təzə göyərmiş yarpaqlarla qidalanmağa üstünlük verir. Onlar axşamlar cərgə ilə ağacın təpəsinə doğru sürünür və ona ciddi ziyan vurur. Hər bir yetişmiş tırtılın bədənində təqribən 700 min tükcük var. Külək bu tükcükləri sürətlə ətrafa yayır.


Dortmunddakı Fredenbaum parkı üç həftə müddətinə əhali üçün bağlı olub. Məlum olub ki, tırtıllar azı 500 ağaca daraşıb. Parkın meneceri Frank Darç bildirib ki, ötən illə müqayisədə bu il tırtılların hücumu daha geniş miqyas alıb.


Kimyəvi müdafiəni təmin edən kombinezonlar geyinmiş komandalar yanğınsöndürmə pilləkənləri ilə ağacın təpəsinə qalxır, lehim lampalarının və tozsoranların köməyi ilə tırtılların yuvalarını dağıdırlar.


Niderlandda da tırtılların sayının keçən illə müqayisədə kəskin artması qeydə alınıb.


Tırtıllar, həmçinin Lüksemburqu öz cənginə alıb. Yerli hakimiyyət orqanları sakinləri ehtiyatlı olmağa çağırırlar.


Köçəri palıd kəpənəklərinin tırtılları Korsikada, İngiltərənin bəzi bölgələrində, o cümlədən Londonun rayonlarından birində, habelə İspaniyanın ayrı-ayrı bölgələrində geniş yayılıb.


Köçəri kəpənəklərin başqa növləri də var, amma onlar Aralıq dənizi regionu şamının yarpaqlarına üstünlük verir.

Xəbər lenti

Çox oxunanlar