Xəzər Xəbər

Angela Merkel antisemitizmin artmasına görə narahatdır

Dünya | 14:54 • 10 Noyabr 2018
Angela Merkel antisemitizmin artmasına görə narahatdır

AFR kansleri Angela Merkel Almaniyada antisemitizmin artmasını qeyd edib və irqçiliyə, knesofobiyaya və ayrı-seçkiliyə qarşı qətiyyətlə mübarizə aparmağa çağırıb.


Merkel 1938-ci ildə nasistlərin törətdiyi, "büllur gecə” deyilən yəhudi talanları gününün 80-ci ildönümü münasibətilə Berlində keçirilən matəm mərasimində çıxış edərək deyib: "Almaniyada yəhudilərin həyatı yenidən çiçəklənib, eyni zamanda biz antisemitizmin artmasını həyəcanla müşahidə edirik. Antisemitizm həm bizim ölkədə, həm də dünyanın indiyə qədər təhlükəsiz hesab edilən başqa rayonlarında yəhudilərin həyatı üçün təhlükə doğurur”.


AZƏRTAC xəbər verir ki, Merkelin sözlərinə görə, internetdə çox vaxt nifrət hissi ilə dolu postlarda, habelə ictimai həyatda antisemitizm getdikcə aşkar şəkildə təzahür edir. Angela Merkel deyib: "Təəssüf ki, biz yəhudilərə aid hər bir obyektin polis tərəfindən mühafizə olunmasına və ya xüsusi müdafiə altında olmasına az qala adət etmişik. Başlarında yəhudi kipası olan insanlara hücum edilməsi bizi dəhşətə gətirir, bu il avqust ayında Xemnits şəhərində sağçı radikallar tərəfindən yəhudi restoranına hücum edilməsi bizi sarsıtdı. Antisemitizmin bu cür formaları bizdə ötən əsrin 30-cu illərində yəhudilərin təqib edilməsinə başlandığı dövr barədə kədərli xatirələr oyadır”.


Federal kansler vurğulayıb ki, əsas konstitusion dəyərləri hər kəs müdafiə etməlidir. O deyib: "Dövlət insanlara qara yaxılmasına, ayrı-seçkiliyə, irqçiliyə və sağçı radikalizmə qarşı qətiyyətlə və ardıcıl mübarizə aparmalıdır. Yəhudilərə və İsrailə verbal və ya qeyri-verbal nifrət hissi ölkəmizdə yaşayan digər dini və mədəni mənşəli insanlardan irəli gələndə dövlət ardıcıl fəaliyyət göstərməlidir”.

Rubrikanın digər xəbərləri

Xəbər lenti