Xəzər Xəbər

Koreya liderlərinin görüşünü 3 minə yaxın jurnalist işıqlandıracaq

Dünya | 15:07 • 26 Aprel 2018
Koreya liderlərinin görüşünü 3 minə yaxın jurnalist işıqlandıracaq

Koreya Respublikasının Prezidenti Mun Ce-in və Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In arasında aprelin 27-də keçiriləcək görüşü işıqlandırmaq üçün 41 ölkədən 2850 jurnalist qeydiyyatdan keçib.


AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər verir ki, görüşü işıqlandıracaq jurnalistlər üçün 10 min metr sahəsi olan xüsusi mətbuat mərkəzi yaradılıb. Bu gün səhərdən işə başlayan mərkəzdə təşkil olunan mətbuat konfransları ingilis, Çin, ispan və ərəb dili də daxil olmaqla 9 dilə sinxron tərcümə olunacaq. Mərkəzdə müsəlman jurnalistlər üçün xüsusi ibadət otaqları da var.


Qeyd edək ki, Cənubi və Şimali Koreya liderlərinin tarixi görüşü aprelin 27-də yerli vaxtla səhər 9:30-da iki ölkə arasında demilitarizasiya zonasında yerləşən Panmuncom qəsəbəsinin Cənubi Koreya hissəsindəki "Sülh” sarayında keçiriləcək. KXDR lideri Kim Çen In onu müşayiət edən nümayəndə heyəti ilə birgə piyada yolla sərhədi keçəcək. Bu, 1950-1953-cü illər Koreya müharibəsindən sonra iki ölkənin liderləri arasında keçirilən 3-cü, Cənubi Koreya ərazisində isə ilk görüş olacaq. Bundan əvvəlki (2000-ci və 2007-ci il) görüşlər Pxenyanda keçirilib.


Mütəxəssislər hesab edirlər ki, bu görüş Koreya yarımadasının nüvə silahsızlaşdırılmasında vacib rol oynaya bilər. Cənubi Koreya tərəfi adada daimi sülhün təminatı və iki ölkə arasında münasibətlərin normallaşması baxımından görüşə böyük ümidlə baxır. Xatırlatmaq yerinə düşər ki, 1950-1953-cü illər Koreya müharibəsi yekun sülh sazişi ilə deyil, sadəcə atəşkəs müqaviləsi ilə başa çatıb. Tərəflər faktiki olaraq müharibə vəziyyətində hesab olunurlar.

Xəbər lenti