Xəzər Xəbər

Finlandiya müstəqilliyinin 100 illiyini qeyd edir - FOTO

Dünya | 16:18 • 6 Dekabr 2017
Finlandiya müstəqilliyinin 100 illiyini qeyd edir -

Dekabrın 6-da Finlandiya (Suomi) müstəqilliyinin elan olunmasının 100 illiyini qeyd edir.

Finlandiya 1809-cu ildən 1917-ci ilədək Böyük Finlandiya Knyazlığı kimi Rusiya İmperiyasının tərkibinə daxil olub. Böyük Oktyabr İnqilabı hadisələrindən sonra, 1917-ci il dekabrın 6-da Finlandiya parlamenti

Müstəqillik Bəyannaməsini təsdiq edib. Onu bir dövlət kimi ilk olaraq Sovet hökuməti, daha sonra bir sıra digər dövlətlər tanıyıblar.

Bu il Finlandiyada bayram tədbirləri "Biz birlikdəyik” devizi ilə keçirilib.

2017-ci il ərzində Suomidə bu yubileyə həsr olunmuş 2 mindən çox tədbir keçirilib, tədbirlərə 400 minədək adam cəlb edilib. Finlandiya Poçt Xidməti 2016-cı ilin sentyabr ayına qədər ölkə sakinlərindən onların fotoşəkillərini qəbul edib. Bu fotoşəkillər yubiley ilində buraxılan markalarda yerləşdirilib.

Noyabrın 29-dan dekabrın 5-dək Finlandiyanın müxtəlif şəhərlərində 100 xokkey matçı oynanılıb, bu matçlarda yubiley şaybalarından istifadə olunub, hakimlər və bəzi komandalar xüsusi bayram forması geyiniblər.

Yüzillik şərəfinə yubiley sikkəsi zərb olunub.

Müstəqillik Günü ərəfəsində həyata keçirilən tədbir və layihələrin bəziləri Finlandiyanın fəxr etdiyi bütün dəyərləri, o cümlədən bərabərlik və demokratiya meyarlarını, mərdlik və mətanətin xüsusi finsayağı vəhdətindən ibarət olan "sisu” deyilən dəyəri önə çəkib.

Dekabrın 6-da bütün ölkə ərazisində bayraqlar qaldırılıb, konsert və paradlar keçirilir, Helsinkidə, Finlandiya Sarayında Müstəqillik Gününə həsr olunmuş multikultural ovqatlı bayram qala-konserti olacaq. (AZƏRTAC)

Xəbər lenti