Xəzər Xəbər

ABŞ bəzi ştatların sakinləri üçün yeni qayda tətbiq edir

Dünya | 14:26 • 17 Oktyabr 2017
ABŞ bəzi ştatların sakinləri üçün yeni qayda tətbiq edir

ABŞ hökumətinin yeni tələblərinə əsasən bir neçə ştatın sakinləri ölkə ərazisində təyyarə ilə uçuşlar zamanı özləri ilə beynəlxalq pasport götürməli olacaqlar. Hazırda daxili reyslərdə təyyarəyə minmək üçün sürücülük vəsiqəsini göstərmək kifayət edir.


2018-ci ilin yanvar ayının sonundan başlayaraq ABŞ-ın Nəqliyyat Təhlükəsizliyi İdarəsinin (TSA) əməkdaşları ölkənin aeroportlarında daxili reyslər üçün pasport tələb edə bilərlər. 2005-ci ildə qəbul olunmuş "Şəxsiyyət vəsiqəsi haqqında” qanuna görə, Vaşinqton, Oreqon, Aydaho, Kaliforniya, Montana, Alyaska, Şimali Dakota, Minnesota, Oklahoma, Missuri, İllinoys, Luiziana, Kentukki, Nyu-York, Pensilvaniya, Men, Nyu-Hempşir, Massaçusets, Rod-Aylend, Konnektikut, Nyu-Cersi, Cənubi Karolina və Virciniya ştatlarında verilən dövlət vəsiqələri federal hökumətin müəyyən etdiyi minimal təhlükəsizlik standartlarına uyğun gəlmir.


Dövlət vəsiqələrinin (sürücülük) standartlara uyğun gəlməsi üçün ştatlara 2018-ci il yanvarın 22-dək vaxt verilib. Virciniya ştatının vaxtı isə 2018-ci il oktyabrın 10-dək uzadılıb. Əgər heç nə dəyişməsə, TSA təhlükəsizlik nəzarəti məntəqələrindən keçərkən (sürücülük vəsiqəsi yerinə) digər eyniləşdirmə formaları, yaşayış yeri kartı ("green card”) və ya hərbi vəsiqə tələb edilə bilər. (AZƏRTAC)

Xəbər lenti