Rəsmi Daşkənd Gülnarə Kərimovanın
həbsi xəbərindən sonra Rusiya da daxil olmaqla bir sıra ölkələrə
müraciət edərək mərhum prezidentın qızı ilə bağlı cinayətkar qrupun
aktivlərinin həbs olunmasını istəyib.
Bu barədə "RİA Novosti” xəbər verir.
İstintaq materiallarına əsasən 12 xarici ölkə ərazisində mütəşəkkil
cinayətkar qrupun 1,394 milyard dollar, 27,1 milyon funt sterlinq və
18,5 milyon frank dəyərində aktivləri aşkarlanıb.
Hüquq mühafizə orqanları əməkdaşları İsveçrədə 777,8 milyon dollar və
Koloni şəhərində dəyəri 18,5 milyon dollar olan villa aşkarlayıblar.
Cinayətkar qrupun, həmçinin Fransa, Honkonq, İsveç, Böyük Britaniya, Latviya, İrlandiya, BƏƏ, Malta, İspaniya və Rusiyada mülk və pulları olub.
Qeyd edək ki, Özbəkistanın sabiq prezidenti İslam Kərimovun qızı Gülnarə
Kərimovanın həbsi xəbəri yayılıb. Məlumata əsasən Kərimovaya qarşı
Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham irəli sürülüb.
"TASS" agentliyi isə yazır ki, Gülnarə Kərimova 2015-ci ildə saxlanılıb
və ona beş il həbs cəzası verilib. Hazırda həbsdə olan Gülnarə
Kərimovaya qarşı "külli məbləğdə dövlət əmlakını mənimsəmək, hədə-qorxu
ilə pul tələb etmək” maddələri ilə ittiham irəli sürülüb./Azvision.az