Xəzər Xəbər

MKİ etiraf etdi: ABŞ Venesuela hökumətini devirməyə çalışır

Dünya | 12:50 • 27 İyul 2017
MKİ etiraf etdi:

Son dönəmdə yaşanan etiraz aksiyaları ilə dünya mediasının gündəmindən düşməyən Venesuela ilə bağlı qalmaqallı bir açıqlama gəlib. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CİA) direktoru Mayk Pompeo (Michael Pompeo) ABŞ-ın Venesuela hökumətini devirmək istədiyini etiraf edib. Söhbət Mayk Pompeonun Venesuelada «daha yaxşı nəticə üçün» Kolumbiya və Meksika ilə məsləhətləşmələr apardığı barədə dediklərindən gedir. Beləliklə, o, bölgədəki iki ölkə ilə müttəfiq olduqlarını da bildirib, Meksika və Kolumbiyanın da Vaşinqtonun planlarına daxil olduğuna işarə edib.

ABŞ-ın Venesuelada yaşananlar bağlantısı məlum məsələ olsa da, ilk dəfə olaraq rəsmi şəkildə bu qədər dəqiq ifadə olunub. Aspen İnstitutu tərəfindən təhlükəsizlik məsələləri ilə bağlı keçirilən tədbirin iştirakçılarından Biznes dünyası üçün risq analizlərini araşdıran Asymmetrica şirkətinin rəhbəri Vanessa Neumann Venesuelanın çevriliş astanasında olduğunu və buna ümid etdiyini bildirərək, ABŞ-ın Venesueladakı mənafeyi və ya bu ölkədən gələn təhdidlərlə bağlı sual verib.

Pompeo buna cavab verərkən MKİ-nin bölgədəki qanlı müdaxilələrinə işarə edərək, - «Cənubi Amerikadan, Orta Amerikadan və MKİ-dən danışarkən həmişə çox diqqətliyəm, burda çoxlu hekayə var», - deyərək lağa qoyub və onun bu «zarafatı» salonda qəhqəhələrlə qarşılanıb.

Halbuki MKİ-nin bölgədəki çox sayda ölkənin tarixində yer alan «hekayələri» qanlı çevrilişlər, diktatorlar və ölüm dəstələrini daşıyır.

Qeyd edək ki, Pompeonun bu etirafı Venesuelanın dövlət başçısı Nikolas Maduronun sərt reaksiyasına səbəb olub. O, televiziya ilə çıxışında «MKİ direktoru, ABŞ idarəçiliyi və MKİ-nin Meksika və Kolumbiya hökumətləri ilə olan müttəfiqliyi Venesueladakı qanuni hökuməti devirməyə və sevgili ölkəmizə nüfuz etməyə çalışdığını» bildirib.

Meksika və Kolumbiya hökumətlərinin neft mənfəətti üçün ABŞ-la gizli sazişdə ittiham edən Bolivarian lideri Maduro «Ümidsiz olduqlarını bilirəm, çünki Meksika sadəcə 5 illik neftə sahibdir, nefti tükənib. Kolumbiyanın 6 illik nefti qalıb və Venesuelanın neftinin müttəfiqləri olan oliqarxları ilə imperializmə aid olduğuna inanmaq istəyirlər», - deyib.

Maduro MKİ direktorunun sözləri ilə bağlı ABŞ prezidenti Trampı, həmçinin Meksika və Kolumbiyanı açıqlama verməyə çağırıb.

Meksika XİN-in media vasitəsi ilə bu iddiaları rədd edərək, hökumətlərinin beynəlxalq hüquqa hörmətlə yanaşdığını, bir başqa ölkənin zərəri üçün hər hansı bir dövlətlə birlikdə çalışmadığını vurğulayıb.

Kolumbiya da MKİ rəhbərinin sözlərini təkzib edib.

ABŞ prezidenti Donald Tramp bundan əvvəl Kolumbiya dövlət başçısı Xuan Manuel Santos ilə Ağ Evdə bir araya gəlmiş və görüşmədən sonra Venesuela idarəçiliyini tənqid etmişdi. Kolumbiyanın sabiq prezidenti Alvaro Uribe də bir müddət əvvəl Venesuela hökumətinə devirmə çağırışı etmişdi.

Almaniyanın Hamburq şəhərində keçirilən G-20 sammitində də bir araya gələn Trampla Meksika dövlət başçısı Enrike Pena Nieti ilə söhbəti əsnasında Venesuela məsələlərinə toxunulduğu açıqlanmışdı.

İngiltərənin mərkəzi İndependent qəzetində verilən məlumata görə, ABŞ xarici siyasət qurumu məsələ ilə açıqlama verməkdən yayınıb./faktxəbər

Xəbər lenti

Çox oxunanlar