Xəzər Xəbər

Məhkəmə ekspertlərinin attestasiyasının keçirilməsi və ixtisas dərəcəsinin verilməsi yeni qaydada aparılacaq

Cəmiyyət | 12:44 • 27 May 2023
Məhkəmə ekspertlərinin attestasiyasının keçirilməsi və ixtisas dərəcəsinin verilməsi yeni qaydada aparılacaq

Məhkəmə ekspertlərinin attestasiyasının keçirilməsi və ixtisas dərəcəsinin verilməsinin yeni qaydaları təsdiq edilib.

Xezerxeber.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı Qərar imzalayıb.

Bu qaydalar məhkəmə ekspertizası idarələrinin ekspertlərinin və özəl məhkəmə ekspertlərinin attestasiyasının keçirilməsi, məhkəmə ekspertizası idarələrinin ekspertlərinə ixtisas dərəcəsinin verilməsi məsələlərini tənzimləyir.

“Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 11-2-ci maddəsinin birinci hissəsinə uyğun olaraq məhkəmə ekspertləri 5 (beş) ildə 1 (bir) dəfədən çox olmayaraq attestasiyadan keçirilir. 20 (iyirmi) ildən artıq müddətdə ekspert qismində fəaliyyət göstərən şəxslər attestasiyadan azaddırlar.

Attestasiya nəticəsində məhkəmə ekspertizası idarələrinin ekspertlərinə ixtisaslaşmasından və hazırlıq səviyyəsindən asılı olaraq ixtisas dərəcəsi verilir. Məhkəmə-tibb ekspertlərinə ixtisas dərəcəsi onların praktik tibb və ya əczaçılıq fəaliyyəti üzrə “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifikasiyası həyata keçirildikdən sonra verilir. İxtisas dərəcəsinin verilməsində məqsəd ekspertin peşəkarlıq səviyyəsini təsdiq etmək və onu peşəkarlıq səviyyəsini artırmağa həvəsləndirməkdir.

Tabeliyində olan məhkəmə ekspertizası idarələrinin ekspertlərinin attestasiyası və onlara ixtisas dərəcəsinin verilməsi müvafiq olaraq Daxili İşlər Nazirliyinin, Səhiyyə Nazirliyinin və Ədliyyə Nazirliyinin yaratdığı ekspert-ixtisas komissiyaları tərəfindən, özəl məhkəmə ekspertlərinin attestasiyası Ədliyyə Nazirliyinin yaratdığı komissiya tərəfindən aparılır.

Xəbər lenti