Xəzər Xəbər

Valideynlərin DİQQƏTİNƏ: Uşaqlara yalnız bu hallarda antibiotik verilməlidir!

Cəmiyyət | 12:21 • 17 İyun 2022
Valideynlərin DİQQƏTİNƏ: Uşaqlara yalnız bu hallarda antibiotik verilməlidir!

Son günlərdə uşaqlar arasında yenidən xəstəlik yayılması, valideynlərin antibiotiklərə üz tutmasına səbəb olub.

XəzərXəbər xəbər verir ki, pediatr Aytən İsmayılzadə antibiotiklərlə bağlı danışarkən bu preparatların vacib hallarda təyin edildiyini bildirib. Mütəxəssis antibiotik istifadəsi ilə bağlı bir sıra vacib məqamları da qeyd edib:

 

1. Antibiotikləri qısa kurs vermək olmaz. Minimum 5 gün verilməlidir. Həkim yazıb deyə qısa kurs verirsiniz və hesab edirsiniz ki, az zərər vermiş olursuz. Amma bu belə deyil. Qısa kurs verdikdə bakteriyalar ölmür, süstləşir, bir müddət sonra daha aktiv baş qaldırır.

2. Antibiotik 3 gün verildisə və heç bir effekt olmadısa, dəyişdirilməlidir. Bir növ antibiotik təsir etməyəndə digəri verilməlidir.

3. Həkim antibiotikdən sonra probiotik təyin etməyi unudubsa və ya lazım bilməyibsə belə, siz valideynlər probiotik verin. Probiotik tərkibində bifidum bakteriya və laktobakteriyalar olması kifayətdir. Probiotik verilmədikdə növbəti xəstəlik üçün immunitet zəifləmiş olur.

4. 5 və ya 7 günlük antibiotik təyini zamanı göbələk əleyhinə dərman lazım deyil. Ağır xəstəliklər zamanı 2 həftədən çox və bir neçə antibiotik istifadə edildikdə göbələk əleyhinə dərman verilir. Göbələk əleyhinə dərmanların qaraciyərə mənfi təsirli olduğunu unutmayın.

5. Su qatıb düzəldilmiş antibiotik suspenziyaları soyuducuda saxlanmalı və 14 gündən sonra atılmalıdır.

6. Əgər uşaq antibiotiki sirop şəklində içməkdən imtina edirsə, bu zaman inyeksiya (iynə) şəklində formaya keçmək daha ağır antibiotik vermək anlamına gəlmir.

7. Əgər uşaq antibiotik suspenziyanı qaytarırsa, verilən dozanı az-az 2 dəfəyə vermək olar.

8. Vəziyyət həqiqətən də antibiotik təyinatını tələb edirsə, bu zaman onların zərərlərini müzakirə etməyə dəyməz.

9. Hərarət yüksəkdir deyə antibiotik təyin edilə bilməz.

10. Otit, sistit, piodemiya və s. kimi hərarətsiz hallarda da antibiotik təyin edilir. Yəni antibiotik təyini üçün davamlı hərarət olması şərt deyil.

11. İlk 3 hərarətli gündə ağırlaşma (məsələn, irinli angina) yoxdursa, antibiotik təyin edilmir.

12 .Yerli təyin olunan antibiotiklərin (gözə, dəriyə) bədənə ümumi mənfi təsiri yoxdur./Ölkə.Az

Xəbər lenti